Fitrə zəkatının miqdarı nə qədərdir və necə çıxarılır?
04.06.2019 1222 0.0 0

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasına əsasən, orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Bəs fitrə zəkatının miqdarı nə qədərdir və şərtləri necədir?

Qazeta.info xəbər verir ki, QMİ-nin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli “Report”a deyib ki, fitrə zəkatı bayram namazına qədər çıxarılmalıdır: “Ailə üzvlərinin hər birinin adından 3 kiloqram arpa, buğda, xurma, kişmiş, düyü və s. ərzaq növlərini fitrə zəkatı çıxarmaq lazımdır. Builki təqvimə əsasən, fitrə zəkatı iyunun 4-də axşam saatlarından iyunun 5-dək, daha dəqiq desək, bayram namazına qədər (08:00 və ya 09:00-a qədər) çıxarılması vacibdir. Fitrə zəkatı ehtiyacı olanlara verilməlidir. Hədislərdə qeyd olunur ki, fitrə zəkatı verməyənin orucu qəbul olunmaz. Bu, orucun qəbul olunmasının şərtlərindən biridir”.

İlahiyyatçı bildirib ki, fitrə zəkatının miqdarı QMİ tərəfindən təqribən 5-10 manat civarında müəyyənləşdirilib: “Bu da hər bir ailə üzvünün adından və ailə başçısı tərəfindən ödənilməlidir. Əgər, ailədə 5 nəfər varsa, ailə başçısı tərəfindən 25-50 manat məbləğində fitrə zəkatı çıxarılmalıdır. Hədislərdə qeyd olunur ki, Ramazan ayında oruc tutmağın fəlsəfəsindən biri də ehtiyaclı insanların halından xəbərdar olmaqdır. Eyni zamanda, bu, insanlarda paylaşmaq, bölüşmək, həmrəylik təəssüratı yaradır. Bununla da fitrə zəkatı bayram əhval-ruhiyyəsinin meydana gəlməsinə xidmət edir. Ona görə də imkanlı şəxslər ehtiyaclı insanları unutmamalıdır. Çünki bu, təkcə fərdi ibadət deyil, həm də sosial mahiyyəti olan bir ibadətdir”.

Qeyd edək ki, Fitr bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazidə görünməsinə əsasən iyunun 5-nə təsadüf edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar