Bakıda tamaşaçılar çıxış zamanı idmançılara çox yaxşı dəstək verirlər.
Məlumata görə, bunu jurnalistlərə Finıandiya gimnastı Rebekka Qerqalo deyib.
"Bu çox kömək edir və enerji verir", - Qerqalo deyib.
Gimnast bildirib ki, Bakıya gəldiyi ilk dəfə deyil və Bakıdan çox xoşu gəlir: "Burada çox gözəl insanlar, gözəl ab-hava, şərait var və şəhərdə çox gözəldir".
Gimnast öz çıxışından söz edərək bildirib ki, çıxışı ilə razı qalmayıb: "Ötən həftə biz Daşkənddə idik və orada daha yaxşı alınmışdı".
Onun sözlərinə görə, qarşıda Budapeştdə Avropa Çempionatı var və o, ümid edir ki, orada daha yaxşı nəticə göstərə biləcək.
Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.
Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, istedadlı gimnast Zöhrə Ağamirzəyeva, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçıları Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.
Yarışlarda tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edəcəklər. Belə ki, yarışlarda 2 qat dünya çempionu və Avropa çempionu Aleksandra Soldatova (Rusiya), Avropa çempionatının bürünc mükafatçısı Zelikman Nikol (İsrail) və Rusiya (Olimpiya Oyunlarının qızıl medalçısı), İspaniya (Olimpiya Oyunlarının gümüş medalçısı), Bolqarıstan (Olimpiya Oyunlarının bürünc medalçısı), Belarus (dünya çempionatının bürünc mükafatçısı) qrup hərəkətləri komandaları iştirak edirlər./Trend/