Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolmuş, nəqliyyatın hərəkətində məhdudiyyət yaranmışdır. Qazeta.info Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən bildirir ki, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunmuşdur. Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyyə olunmuşdur. Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.