Bugünkü ticarət sessiyasında dolların indeksi 0,1% zəifləyərək 99,505 bənd səviyyəsinə çatıb.
Qazeta.info APA-ya istinadla xəbər verir ki, bununla da dolların indeksi 7 həftəlik minimuma, 99,430 bənd səviyyəsinə yaxınlaşır.
Avro dollara nisbətdə 0,2% bahalaşaraq 1,0785 dollar səviyyəsinə çatıb.
Dollar Yaponiya yeninə qarşı 0,5% zəifləyərək 112,65 yenə çatıb. Bununla belə, dolların yenə qarşı məzənnəsi dekabrın 31-də qeydə alınmış minimum göstəricidən, 112,08 yendən yüksək olub.
Dolların ucuzlaşmasına ABŞ-ın Federal Ehtiyat Sisteminin ötən gün Amerika iqtisadiyyatı ilə bağlı optimist məlumatları səbəb olub. FES növbəti faiz artımı barədə açıq siqnal verməsə də iş yerlərinin artdığını, inflyasiyanın sürətləndiyini və iqtisadiyyata inamın yüksəldiyini bəyan edib. Bununla belə tənzimləyicinin nümayəndələri inflyasiyanın səviyyəsinin hələ də aşağı olduğunu qeyd ediblər. Qeyd edək ki, bir qədər əvvəl FES bu il üç dəfə faiz artımına gedəcəyini bəyan edib. İqtisadiyyatın canlanması bu prosesi təşviq edə bilər. Amma bazar iştirakçıları FES-in iyun ayına qədər uçot dərəcələrinin qaldırması ehtimalını 50%-dən aşağı olduğunu bildirir.