İnflyasiya gözləntilərinin azalması ilə treyderlərin ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini iyun iclasında artırması ehtimalları da zəifləyir. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, aprel ayının əvvəlində ehtimal 60%-dən yuxarı idisə, hazırda bu göstərici 44%-ə düşüb.
Ehtimalların azalması ABŞ-ın federal maliyyələşmə kontraktlarında da (İyun və iyul ayları üçün) kontraktları özünü göstərir. Qeyd edək ki, ABŞ-da faiz artırmalarına ən həssas istiqrazlar xəzinədarlığın 21 illik istiqrazları hesab olunur ki, son günlərdə onların qiyməti artmağa, faizi isə azalmağa başlayıb.
İnvestorları narahat edən səbəblər arasında işsizlik üzrə mart göstəricisinin gözləniləndən zəif olması, inflyasiyanın azalması, ÜDM artımı gözləntilərinin yavaşlaması və prezident D.Trampın seçkilərdən əvvəl iqtisadi artımı dəstəkləyəcək vədlərini yerinə yetirməməsi olub.
Qeyd edək ki, dolların əsas valyutalarla müqayisədə məzənnəsi dünəndən etibarən yenidən azalmağa başlayıb. Nəticədə, avronun dollara qarşı məzənnəsi 1% güclənərək 1,0730 USD/EUR-a, funt sterlinqin məzənnəsi isə 3% güclənərək 1,29 USD/GBP-yə çatıb.