«Fazil Mustafa Suriya ssenarisini Azərbaycana gətirir» - Sərdar Cəlaloğlu
12.01.2017 1256 0.0 0

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa arasında qarşıdurma yaranıb. ADP sədri F.Mustafanı Azərbaycanda məzhəb qarşıdurması yaratmaqda, ikinci isə birincini Xomeyninin tör-töküntüsü olmaqda ittiham edib.

Sərdar Cəlaloğlu Fazil Mustafanın ittihamlarına cavab verib və iddia edib ki, millət vəkili Azərbaycanda Suriya ssenarisinin tətbiq edilməsi prosesinə start verilib.


- Sərdar bəy, siz nəyə əsasən hesab edirsiniz ki, Fazil Mustafa Azərbaycanda məzhəb qarşıdurması yaratmaq istəyir?
- Baş verənlərdə Suriyadakı hadisələrin Azərbaycanda tətbiq olunmasının açıq konturları görünür. Bu, təriqətləri qızışdırmaq, düşmənçilik yaratmaq və mövcud durumu ixtilaf vəziyyətinə gətirməkdir. Fazil Mustafa son bir neçə aydır Azərbaycan tarixinə baxış sərgiləmək adı altında açıq-açığına şiələri təhqir edir, alçaldır. Buna uyğun olaraq, Azərbaycanın virtual aləmində də radikal şiələr sünniləri təhqir edir, onların müqəddəslərini söyür. Sünnilər də Həzrəti Əlini və imamları küçə söyüşləri ilə təhqir edirlər. Bu, virtual ixtilafa Fazil Mustafanın tərəfdarları və əleyhdarları da cəlb olunub. Təriqətlərarası ixtilafın Azərbaycan üçün təhlükəsini anladığıma görə, Fazil Mustafanın fəaliyyəti diqqətimi cəlb edir. Azərbaycan hökuməti 2016-cı ili Multikulturalizm ili elan etmişdi. Parlament üzvünün ölkədə dini dözümsüzlüyü təbliğ etməsi, hər şeydən öncə multikulturalizm siyasətinə ziddir. Mən millətimizin birliyi, bütövlüyü və əmin-amanlığı naminə bu münaqişəyə elmi şəkildə son vermək, həmçinin, Fazil Mustafanın Azərbaycan tarixinə yanlış baxdığını, tariximizi təhrif etdiyini və hansı niyyətlər güddüyünü açıqlamaq üçün 120 səhifədən ibarət elmi-siyasi məqalə yazmışam. Fazil Mustafa deyirdi ki, kim istəyirsə, ona elmi cavab versin. Mən də heç bir fərdi fikrimi əlavə etmədən, tarixi səlnamələrə istinadən belə bir cavabı vermişəm. Sübut etmişəm ki, Fazil Mustafa tariximizə məzhəbçi kimi yanaşır və bu fəaliyyətini türkçülüklə pərdələyir.

- Fazil Mustafa Xomeyninin tör-töküntüsü olduğunuzu deyir...
- Xomeyni yenə böyük bir inqilab edib. Sən nurçuların bir qanadının üzvü kimi İslam və türk dünyasına zidd mövqe tutmusan. Xüsusilə bu gün Suriyada Türkiyə, İran və Rusiya əməkdaşlığı fonunda Fazil Mustafanın fəaliyyəti diqqət çəkir. Biz bu əməkdaşlığı Türkiyənin maraqları baxımından qorumaq istəyiriksə, İran haqqında mənfi fikirləri ifadə etməməliyik. Türkiyə və İran yaxınlaşmaq istəyir. Belə bir vaxtda İranla Türkiyənin düşmənçiliyini körükləyən qüvvələr var. Mən nə irançı, nə də türkiyəçiyəm. Mən azərbaycançıyam, Azərbaycan türkünün oğluyam, Azərbaycan dövlətinin, cəmiyyətinin maraqlarını müdafiə edirəm. O cümlədən, Türkiyənin də maraqlarını müdafiə edirəm. Lakin Türkiyə böyük dövlətdir, özünün lideri, böyük resursları və siyasətçiləri var. Onlar öz maraqlarını müdafiə edirlər. Fazil Mustafanın yuyulmamış qaşıq kimi Türkiyənin maraqlarını türkiyəlilərdən daha çox müdafiə etməsi gülüncdür. Bu gün Türkiyə və İran əməkdaşlıq edirsə, bu əməkdaşlığı pozmağa cəhd edən addımlar Türkiyənin maraqlarına xidmət etmir.

Fazil Mustafa bu məsələdə elmi cavab vermək əvəzinə, hamıya yarlıq yapışdırır, təhqir edir. Bundan qabaq demişdi ki, Sərdar Cəlaloğlu neoirançıdır, indi də deyir ki, Xomeyninin tör-töküntüsüdür. Xomeyni dünyada ilk islam respublikasının əsasını qoyan şəxsiyyətdir. Belə şəxsin tör-töküntüsü olmaq da o ideyanı müdafiə edən adam üçün şərəf gətirə bilər. Bu, heç də alçaldıcı ifadə deyil. Xomeynini mənfi, yaxud müsbət qiymətləndirmək olar. Lakin o, dünya tarixində özünəməxsus iz qoymuş şəxsiyyətdir. Hitler, Napoleon, Çingiz xan, Makedoniyalı İsgəndər tarixdə qaldığı kimi, Xomeyni də qalacaq. Fazil Mustafanın tarixə yanaşması sübut edir ki, onun tarixi nəzəriyyələrdən, tarixi fəlsəfədən və Azərbaycan səlnamələrindən xəbəri yoxdur. Savadsız formada ciddi məsələlərə girişmək, tarixi təəssübkeşlik eləyib, məzhəb davası salmaq vətənə, dövlətə xəyanətdir. Bu eyni zamanda, Azərbaycan konstitusiyasına, qanunlarına, beynəlxalq hüquq normalarına görə də ağır cinayətdir. Çünki dini qarşıdurmanı qızışdırmaq, dini dözümsüzlük sərgiləmək qanunla qadağan olunur. Fazil Mustafa isə bir hüquqşünas və deputat kimi fərqinə varmadan bunu edir.

- Yəni siz hesab edirsiniz ki, Fazil Mustafa hansısa məqsədə xidmət etdiyi üçün belə danışır?
- Fazil Mustafa bilərəkdən, yaxud bilməyərəkdən virtual aləmdə təriqət qarşıdurmasına səbəb olub. İnternetdə şiə və sünni qarşıdurması qızışıb. Bunun küçələrə çıxması, fiziki məkanda baş verməsi an məsələsidir. Ərəb inqilabı da internetdə hazırlanmışdı. Fazil Mustafa internet məkanında təriqət qarşıdurmasına rəvac veribdir. On minlərlə adam bu əsassız diskussiyaya qarışıb. Bu, təhlükəli tendensiyadır və Azərbaycanda qısa müddətdə təriqət münaqişəsinə gətirib çıxara bilər. Kim deyirsə ki, belə təhlükə yoxdur, özünü aldadır. Biz vəhhabilərin Əbu-Bəkr məscidində terrorunun, eyni zamanda, Fazil Mustafanın da yaşadığı Qaraçuxur qəsəbəsində məscidi yandırmağa cəhd etdiyinin şahidi olmuşuq. Bu gün radikal dini qrupların liderlərinin məhkəməsi gedir. Bu onu göstərir ki, Azərbaycanda dini müstəvidə stabilliyin pozulmasına, suverenliyə təhlükə törədilməsinə real zəmin var. Dünya təcrübəsi göstərir ki, təriqət qarşıdurması olanda artıq hakimiyyətin təsiri itir və xarici qüvvələrin müdaxiləsinə şərait yaranır. Fazil Mustafanın cəhdi Azərbaycana üçüncü qüvvələrin müdaxiləsinə zəmin yaradır. Mən bir siyasətçi kimi bundan narahatam. Onun ümumiyyətlə tarixlə bağlı bilgisi yoxdur. Sadəcə olaraq, şiələrə nurçu təriqətinin baxışından yanaşır və təhqir edir. Qurani-Kərimdə deyilir ki, dini parçalamayın. Parçalananda ixtilafa getməyib, bir-birinizi təhqir etməyin. Fazil Mustafa bunların üçünü də edir və Qurani-Kərimdə yazılanlara qarşı çıxır.

- Siz Suriya ssenarisinin Azərbaycanda tətbiq edilməyə başlandığını deyirsiniz. Nəyə əsasən belə düşünürsünüz?
- Suriyada proseslər yavaş-yavaş başa çatır. Super güclər və pərdəarxası qüvvələr xaos ssenarilərini yeni bölgələrdə tətbiq etmək istəyirlər. Azərbaycan onlar üçün unikal yerdir. Çünki Azərbaycanda baş verəcək bu ssenari Mərkəzi Asiyaya, o cümlədən, Türkiyə və İrana təsir edəcək. Azərbaycanın Türkiyə və İranla etnik əlaqələri var, o cümlədən, Mərkəzi Asiyaya təsiri böyükdür. Azərbaycanda baş verəcək təriqət qarşıdurması Türkiyəni, İranı və Mərkəzi Asiyanı əhatə edəcək. Bu, qlobal güclərin çox təhlükəli planıdır. Fazil Mustafa bu planı icra etməyə cəhd edir. Ola bilsin ki, o, FETÖ-çülərin planına daxildir, ola bilsin, nurçuların ayrı qanadının planını yerinə yetirir. Lakin bu daha çox FETÖ-çülərin apardığı işin Azərbaycanda kiçik modelinin tətbiq edilməsinə bənzəyir.

- Axı Fazil Mustafa nurçularla heç bir əlaqəsinin olmadığını deyir.
- Fazil Mustafa 4 il Türkiyədə yaşayıb. O, Türkiyəyə gedəndə ateist idi. Orada nurçuların təsiri altına düşdü. Çoxlu dini kitab yazmağa başladı. Kitabları da əsasən sünni alimlərinin fikirləri əsasında yazırdı. Bu, onu göstərir ki, Fazil Mustafa Türkiyədə sünni əqidəsini dərinliklərinə qədər mənimsəyib. Hesab edirəm ki, onun deputat mandatına sahib olmasında pərdəarxası güclərin rolu olub. Bunları bir-biri ilə uzlaşdıranda məlum olur ki, onun missiyası lazım olanda Azərbaycanda təriqət qarşıdurması yaratmaqdır. Görünür, Suriyada hadisələr bitir və qlobal güclər eyni ssenarinin Azərbaycanda baş verməsi əmrini veriblər. Fazil Mustafa da bunu açıq şəkildə icra etməyə başlayıb. Diqqətçəkən məqamdır ki, onun anti-şiə mövqeyi son dörd aydır başlayıb. İndiyə qədər şiələri tənqid etsə də, təhqir etmirdi. İndi isə təhqirə keçib və etiraf edir ki, bu işini davam etdirəcək. Azərbaycanda təriqətlərarası münaqişənin qızışdırılmasına çalışan başqa qüvvələr də var. Nəticə etibarilə düşmənçilik yaradılıb və ixtilaf başlayıb. Bu, böyük təhlükədən xəbər verir.

Fazil Mustafa Azərbaycanda vətəndaş müharibəsini başlatmaq istəyir. Fikir verin, o, bütün məsələlərə Türkiyə, İran və Azərbaycan kontekstində baxır. Türkiyə və İranı düşmən elan edir və iddia edir ki, Azərbaycandakı şiələr İrana xidmət edərək, Türkiyəyə qarşı çıxırlar. Azərbaycanda 2-3 faiz əhli-sünnə var. Fazil Mustafanın dediyindən belə çıxır ki, ölkədəki 99 faiz insan İranın agentidir. Bir faiz əhli-sünnə isə əsil türkdür. Bu, yanlış mövqedir. Din siyasətdən ayrıdır. Bu gün İran ermənilərlə əməkdaşlıq edir. Çünki dinin siyasətə aidiyyəti yoxdur. Katolik kilsəsinin uzun müddət ateist kommunistlərlə əlaqələrinin olduğu da sübut olunub. Bu siyasətdir. Fazil Mustafa isə bütün məsələləri təriqət üzərindən təqdim edir. Fikrimcə, bu proses təsadüfi ola bilməz. Yaxın Şərqdə başa çatan destabilizasiyanı Azərbaycana, buradan da Türkiyəyə, İrana və Mərkəzi Asiyaya gətirmək istəyirlər. Bu qüvvələr artıq fəaliyyətdədir. Dövlət səviyyəsində bu məsələyə müdaxilə edilməlidir. Mən bu məsələləri daha ətraflı müzakirə etmək üçün sizin vasitənizlə Fazil Mustafanı tele-debata dəvət edirəm. Orada onun yanlış danışdığını və nələrə səbəb olduğunu açıq şəkildə sübut edəcəm.

P.S. Qeyd edək ki, hər iki şəxsə debat təklifi olunsada, F.Mustafa televiziyada debata çıxmaq istədiyini bildirdi. O, hazırda tele-debatın təşkil olunmasına çalışdıqlarını da açıqladı./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar