Malikanadə şəkil çəkməyə icazə verilmir.
FETÖ lideri Fətullah Gülənin ABŞ-dakı evinin yeni görüntüləri yayılıb.Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Gülənin Pensilvaniyadakı malikanəsi 36 kamera ilə müşahidə edilir.
Təhlükəsizlik otağına inandığı 4 nəfərdən başqa heç kim buraxılmır. Onun yataq otağı belə kamera nəzarətindədir. Təhlükəsizlik kameraları daha çox Gülənin yataq otağına gedən dəhlizə nəzarət edir.
Təhlükəsizlik kameraları təkcə Gülənin inandığı şəxslər tərəfindən deyil, Federal Tədqiqatlar Bürosu (FTB) tərəfindən də nəzarətdədir. Təhlükəsizlik otağında 24 saat 2 FTB nümayəndəsi kameraları nəzarətdə saxlayır. Eyni zamanda, FTB təyyarəsi tez-tez malikanə üzərində dövrə vuraraq malikanənin havadan təhlükəsizliyini qoruyur.
Məlumata görə, Pensilvaniyada təhlükəsizlik işçilərindən başqa heç kim Gülənlə telefonla danışa bilmir. Malikanədə hər mövzudan əvvəl Gülənin köməkçisi Cevdet Türkyol məlumatlandırılır, əgər ehtiyac olarsa, Gülənlə telefonla danışmaq imkanı yaradılır.
Malikanayə daxil olan şəxslərin bütün elektronik cihazları alınır. Kim olursa olsun, onlar Pensilvaniyada olduğu müddətdə kompüterləri və telefonları daxil olmaqla, heç bir cihaz geri qaytarılmır. Malikanədə şəkil çəkməyə icazə verilmir.
FETÖ ilə mübarizə aparan Beynəlxalq Qafqaz Vəqfinin rəhbəri Həyati Kiçikin sözlərinə görə, görüntülərdən də məlum olur ki, "Gülənin rahatlığı əməlli-başlı pozulub".
"Bundan sonra ən yaxınından belə qorxsun. İllərdir təhlükəsizliyinin qorunduğu yerlərə girmək mümkündürsə, gerisini özü düşünsün. Vətənə xəyanətin bir cəzası olmalıdır" — deyə Kiçik bildirib.