2022-ci ildə fəsillərin Azərbaycana daxil olma vaxtı açıqlanıb.
Qazeta.info Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən 2022-ci ildə fəsillərin ölkəmizə daxil olma vaxtını təqdim edir:
Yaz fəsli - Yaz gecə-gündüz bərabərliyi - 20 Mart saat 19:33. Bu zaman Gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayır.
Yay fəsli - Yay günəş duruşu - 21 İyun saat 13:13. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun Gündüz və ən qısa Gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 24 san, gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san olacaq.
Payız fəsli - Payız Gecə-Gündüz bərabərliyi - 23 Sentyabr saat 05:03. Bu zaman Gecə ilə Gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarım kürəsindən cənub yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayır.
Qış fəsli - Qış günəş duruşu - 22 Dekabr saat 01:48. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq.
4 iyul saat 11:10-da Yer Günəşə ən uzaq - 152 098 455 km məsafədən (afeli), 4 yanvar saat 10:52-də isə Günəşə ən yaxın - 147 105 052 km məsafədən (periheli) keçəcək.