Prezident İlham Əliyev ötən gün keçirdiyi müşavirədə ipoteka xətti ilə böyük tikinti layihələrinin icra edilməsinin vacibliyini vurğulayıb.
Məlumata görə, prezident bildirib ki, əfsuslar olsun ki, bizdə bu sektorda durğunluq müşahidə olunur.
Bir müddət əvvəl də güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı məsələ gündəmə gəlmişdi. Amma şərtlərin çətinliyi və faizlərin yüksək olması əhalinin bu imkandan yararlanmasına mane olur.
Maneələrin aradan qaldırılması ücün prezident 27 oktyabr 2015-ci il tarixində verdiyi sərəncamla İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətini yaratdı.
Prezident İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə
2015-ci ilin oktyabrına olan məlumata görə, 17 mindən artıq ailəyə 700 milyon manata yaxın ipoteka krediti, o cümlədən dövlət büdcəsindən ayrılan vəsait hesabına 5 minə yaxın ailəyə 190 milyon manat güzəştli ipoteka krediti verilib. 2014-ci ilin dövlət büdcəsindən Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fonduna 40 milyon manat, 2015- 2016-cı illərdə isə ipotekaya dəstək məqsədi ilə 50 milyon manat maliyyə vəsaiti ayrılıb.
Mənbə: 2014, 2015 və 2016-cı illərin dövlət büdcəsi
Dövlət başçısının bu dəfəki çıxışından da aydın oldu ki, hələ də problemlər tam həllini tapmayıb. İlham Əliyev qeyd edib ki, ipoteka layihələrinin həyata keçirilməsi prosesi hələ ki, kütləvi xarakter almayıb: “Mən ipoteka ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, o cümlədən Nazirlər Kabinetinin toplantılarında. Bunu dərhal başlamaq, yəni, davam etdirmək lazımdır. Təxirəsalınmaz tədbirlər görülməlidir. Bu tədbirlər haqqında mənə məlumat verilməlidir”.
Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı Oqtay Haqverdiyev açıqlamasınada bildirdi ki, ipoteka sahəsində inkişafa nail olmaq üçün ilk növbədə faizlər aşağı endirilməlidir.
“Çünki dünya praktikasında ipoteka 2 -3 %-dən çox deyil. Bizdə isə 8% -ə çatdırıblar. Bu isə ipoteka yox, kredit şərtlərinə uyğundur. Azərbaycanda ipoteka sektorunun canlandırılması üçün ilk növbədə faizlər endirilməlidir. Həmçinin ilkin ödəniş ləğv edilməlidir”, - deyə iqtisadçı bildirdi.
Oqtay Haqverdiyev - iqtisadçı
İqtisadçı həmçinin qeyd etdi ki, ipoteka sahəsində monitorinq aparılmalıdır: “Hazırda yeni tikilən binalarda 40 minə yaxın ev boşdur. Bu evləri güzəştli ipoteka şərtləri ilə əhaliyə paylamaq olar. Amma əvvəlcə bu kreditlərə kimlərin ehtiyacı olduğunu müəyyən olunmalıdır. Hər hansı bir nəticə əldə olunduqdan sonra güzəştlər konkret ehtiyacı olan təbəqələrə tətbiq edilməlidir. Bu zaman həm dövlət, həm də xalq üçün əhəmiyyətli olar”.
Qeyd etmək yerinə düşər ki, dünyada ipoteka kreditləri 1-30 il müddətinə verilir. Avropa ölkələrində ikinci dünya müharibəsindən sonrakı illərdə geniş miqyaslı tikinti - bərpa işlərinin icrası məhz uzunmüddətli ipoteka kreditləri bazarının müvəffəqiyyətli inkişafi sayəsində mümkün olmuşdu. Hazırda ABŞ ipoteka modeli daha çox bazar qanunlarına uyğun tənzimlənir və kredit faizləri 3 - 5% arasında dəyişir. Lakin məlum 2008-ci il böhranı ərəfəsində yaşanan maliyyə qıtlığı, alıcılığın kəskin aşağı düşməsi ipoteka kreditlərinin faiz dərəcələrinin 3%-dək azalmasına səbəb oldu. Hətta təbii sərvətləri az olan və ölkəmizlə oxşar keçmişə malik Gürcüstanda belə ipoteka faizləri 3.5-5% arasında dəyişir.
Hazırda ipotekanın maksimal məbləği 50 milyon manatdır. Fondun vəsaiti hesabına verilən ipoteka kreditləri üçün 14 bənddən ibarət şərtlər yerinə yetirilməlidir.
Azərbaycanda ipoteka şərtlərinə bu linkdən baxa bilərsiniz: İpoteka kreditlərinin verilməsi şərtləri
Dünyada ipoteka sektoru yüksək səviyyədə inkişaf edib. Azərbaycanda evə ehtiyacı olanlarında sayı kifayət qədərdir. Hər il Azərbaycanda 80-85 min arası insan evlənir və onların çoxunun yeni mənzillərə ehtiyacı var. Düzdür, ipoteka, o cümlədən sosial ipoteka kreditləri verilir. Amma şərtlər çətin olduğundan gənc ailələr ev arzularını reallaşdıra bilmirlər. Mənzil problemini həll etmək üçün dünya dövlətlərinin ipoteka kreditləri ilə yanaşı sosial evlərin tikilməsi və uzun müddətə insanlara verilməsi sahəsində çox gözəl modeli var. Azərbayanda da gənc ailələrin evlə təmin olunmasına kifayət qədər maliyyə vəsaitləri ayrılır. Dünya təcrübəsindən istifadə etməklə əhalini evlərlə təmin etmək olar. Əsas odur ki, dövlət tərəfindən ayrılan pullar lazımı və effektiv istiqamətlərə xərclənsin. Bu zaman əhəmiyyətli nəticələr əldə etmək olar./anspress/