Nazirlər Kabineti “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nda dəyişiklik edib.
Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, Qaydalara əsasən qeyri-müalicəvi məqsədlə ev heyvanlarının xarici görkəmini dəyişdirmək üçün cərrahi əməliyyatların (quyruğunun, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılması qadağan olunub.
Dəyişikliyə əsasən bundan sonra qanunla müəyyən edilmiş hallar istisna olmaqla, qeyri-müalicəvi məqsədlə ev heyvanlarının xarici görkəmini dəyişdirmək üçün cərrahi əməliyyatların aparılması qadağandır. Başqa sözlə, qanunla müəyyən edilmiş hallarda qeyri-müalicəvi məqsədlə ev heyvanlarının xarici görkəmini dəyişdirmək üçün cərrahi əməliyyatlar aparılacaq.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində əsasən qanunla müəyyən edilmiş hallar istisna olmaqla, qeyri-müalicəvi məqsədlə ev heyvanlarının xarici görkəmini dəyişdirmək üçün cərrahi əməliyyatların aparılmasına görə iki yüz manat məbləğində cərimə nəzərdə tutulub.