Erməniyə boyun əyməyən döyüşçü (VİDEO)
14.05.2015 824 0.0 0

Birinci Qarabağ müharibəsinin aktiv fazasından bizi düz 21 il ayırır. Amma bu 21 ildə çox hadisələr baş verdi. Müharibənin ən sərt üzünü görən və vətən darda olarkən hər şeyini buraxıb cəbhəyə yollanan həmin oğullara sonradan Qarabağ qazisi adı da verilmişdi. 

İllər keçdikcə təbii olaraq Qarabağ qazilərinin də sıraları seyrəlir. Dünyasını dəyişən Mehman Hüseynov da ilk könüllülərimizdən idi. Şıxov batalyonunu yaradan Mehmanın təssüf ki, ölümü acınacaqlı oldu. Onu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evindən ölü olaraq tapmışdılar.

Mehman Hüseynov “Fəryad” filminin qəhrəmanı İsmayılın prototipi idi. 1991-ci ildə Kərkicahanın işğalı zamanı 9 nəfərlə birlikdə ermənilərə əsir düşmüşdü. Bir neçə ay əsir qaldıqdan sonra Mehmanı qaytarmaq mümkün olmuşdu. Bu kadrlar da o vaxt lentə alınıb. Mehman Hüseynov bir əsirin yaşantılarını o əsirin ruhuna, vəziyyətinə uyğun şəkildə danışır:

“Ermənilər tapançanı başımıza dayayaraq deyirdilər ki, artıq-əksik bir söz desəniz sizi güllələyəcəyik”.

Qarabağ müharibəsi iştirakçısı Rey Kərimoğlu deyir ki, əsirlikdə sınanan adamların, özlərindən qabaq xəbərləri gəlirdi ki, bu sındırılıb: “Bizdə İlqar Mehdiyev, vardı, o, sınmamışdı. Bundan başqa bir çox əsgər, zabit və kəşfiyyatçılar ermənilərə əsir düşsələr də özlərini öldürmüşdülər. Eyni zamanda bir çoxları da vardı ki, axıradək erməninin qarşısında sınmamışdı. Məhz Mehman Hüseynov da belələrindən idi. Mehman yaralı halda ermənilərə əsir düşmüşdü”.

Mehman Hüseynov ilk könüllülərimizdən idi. Döyüş dostu Nürəddin Xoca onun haqqında danışarkən göz yaşlarını saxlaya bilmədi: “Mehman Hüseynov sovet vaxtında imkanlı bir ailənin övladı idi. Hər bir şeyini atıb getdi”.

Sosial şəbəkədə onun son paylaşmaları da “Fəryad” filminin qəhrəmanı ilə bağlı olmuşdu. Kimsə, bir nəfər müsahibə verib iddia etmişdir ki, “Fəryad”dakı obraz mənim obrazımdır. 

Mehman isə "artıq bezmişəm yalançıların əlindən. İndi də biri peyda olub və tanımadan “Fəryad” filmindəki İsmayıl obrazının ona aid olduğunu söyləyir. Artıq heç nəyə reaksiya verməyəcəm. Mənə ermənisiz QARABAĞDAN başqa heç nə lazım deyil, bu həyatda" yazmışdı. /anspress/

Təəssüf, ermənisiz Qarabağı görmək ona qismət olmadı. 

Məkanı cənnət olsun!

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar