Ermənistanın yüksək rütbəli hərbçiləri həbs edildi
03.06.2016 672 0.0 0


Ermənistanda məhkəmə mayın 30-da saxlanılan yüksək rütbəli hərbçilərə qarşı həbs-qətimkan tədbiri seçib. Məlumata görə, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti xəbər verib.

Vəzifələrindən sui-istifadə etməkdə təqsirli bilinənlər Ermənistan Silahlı Qüvvələrinin sabiq silahlanma idarəsinin rəisi, general-mayor Melsik Çilinqaryan, silahlı qüvvələrin maddi-texniki departamentinin şöbə rəisi, polkovnik Mqer Papyan və polkovnik Armen Markaryandır.

 

İşdən çıxarılan hərbçilər - sağda Alik Mirzəbekyan, solda Arşak Karapetyan

 

Aparılan ilkin istintaq nəticələrinə görə, adıçəkilənlər vəzifələrindən sui-istifadə edərək müxtəlif malları bazar qiymətlərindən baha əldə edib, həmçinin tələb olunmayan mallar alıblar. Mayın 12-də isə Ermənistan ordusunun polkovniki David Abraamyan saxlanılıb. Abraamyan Ermənistan ordusunun avtomobil nəqliyyatı xidmətinin rəisi olub.

"Abraamyan Ermənistan istintaq komitəsinin hərbi istintaq idarəsində araşdırılan cinayət işinə əsasən saxlanılıb", - deyə Ermənistan istintaq komitəsi sədrinin məsləhətçisi Sona Truzyan bildirib.

Aprelin əvvəlində cəbhə bölgəsində yaranan gərginlikdən sonra Serj Sarkisyan 3 generalı və bir neçə yüksək rütbəli zabiti vəzifəsindən azad edib. Onun əmri ilə Ermənistan müdafiə nazirinin müavini, müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan işdən çıxarılıb. İşdən qovulanlar arasında baş qərargahın kəşfiyyat idarəsinin rəisi,  general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının  və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan da var idi.

Aprel döyüşləri zamanı ordumuz tərəfindən dağıdılan Madagiz polkunun komandiri, polkovnik Arutyun Əmirxanyan vəzifəsindən azad edilib. Polkovnikin vəzifəsindən azad edilməsinin əsas səbəbi kimi aprel döyüşləri zamanı müəmmalı şəkildə yoxa çıxması və ancaq Moskvada silahlı qüvvələrin Baş qərargah rəisləri arasında əldə edilən atəşkəs razılaşmasından sonra geri qayıtmasıdır.  /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar