Ermənistan ordusunun yüksək rütbəli zabiti barəsində axtarış elan edilib.
"Report"un məlumatına görə, bu barədə erməni mətbuatı xəbər verib.
Xəbərdə bildirilir ki, Apellyasiya Məhkəməsinin hökmü ilə hazırda azadlıqda olan Arsen Qəribcanyan barəsində sonradan həbs qərarı çıxarılıb. Hələlik onun barəsində axtarış elan edilib. Hüquq-mühafizə orqanları artıq bir neçə aydır ki, polkovnik-leytenantın izinə düşə bilmirlər.
Xəbərdə qeyd edilir ki, adı korrupsiya qalmaqalının mərkəzində hallandırılan polkovnik-leytenant barəsində iş ayrıca icraata yönəldilib. Məhkəmə qaçqın zabit barədə cinayət işinin ayrıca icraata yönəldilməsi haqqında istintaq orqanının vəsatətini təmin edib.
İttihama əsasən, Arsen Qəribcanyan Ermənistan Müdafiə Nazirliyinin Nəzarət İdarəsinin polkovniki Samvel Xaçaturyanla cinayət əlaqəsinə girib. Hərbçilər həmçinin rüşvət almaqda və digər cinayətlərdə ittiham edilirlər.
Qeyd edək ki, bu, erməni ordusunun rəhbərliyində, yüksək rütbəli zabitlər arasında son aylar qeydə alınan növbəti hərbi cinayət faktıdır.