Ötən həftə Gürcüstana, daha sonra Ermənistana qaçaraq izini itirməyə çalışan türkiyəli prokuror Zəkəriya Öz və Cəlal Karanın yeri aşkarlanıb. ANS PRESS-in məlumatına görə, barələrində məhkəmənin yaxalanma qərarı verməsindən sonra ölkəni tərk edən sabiq prokurorların Almaniyada olduqları məlum olub. Zekeriya Öz və Celal Kara adlı sabiq prokurorların Alkmaniyanın Frankfurt şəhərinin 25 kilometrliyindəki Hanay qraflığında yerləşən Fətullah Gülən qrupuna aid oteldə olduqları müəyyən olunub.
Qeyd edək ki, Türkiyə Ədliyyə Nazirliyi axtarışda olan sabiq prokurorların ekstradisiyası üçün Almaniyada olan həmkarları ilə danışıqlara başlayacaq.
Türkiyədə İstanbulun 3 keçmiş prokuroru barəsində dövlət çevrilişinə cəhd ittihamı ilə həbs qəti-imkan tədbiri seçilib. Gülən hərəkatının üzvü olmaqda şübhəli bilinən dövlət ittihamçıları Zəkəriyyə Öz, Cəlal Kara və Məhmət Yüzgəç iddiaya görə, demokratik yolla seçilmiş höküməti devirmək məqsədilə 2013-cü ildə korrupsiya qalmaqalına səbəb olmuş, hakim AKP partiyasının rəsmilərinə yönəlik 17 dekabr və 25 dekabr əməliyyatlarını təşkil edib.
Dövlət çevrilişinə cəhd maddəsiylə ittiham olunan prokuror Zəkəriyyə Öz mayın 12-də tutduğu vəzifədən kənarlaşdırılıb. Xatırladaq ki, 2013-cü ilin dekabrın 17-də Baş prokurorluğun göstərişi ilə Türkiyə polis idarəsinin Maliyyə cinayətlərinə qarşı şöbəsinin keçirdiyi əməliyyat nəticəsində korrupsiya ittihamı ilə 47 nəfər o cümlədən, Türkiyənin Ətraf mühit və Şəhərsalma Nazirliyi, Mənzil Tikinti Nazirliyindən olan bir neçə rəsmi, türk nazirlərin bir neçə övladı saxlanılmış, həmçinin daxili işlər naziri Müəmmər Gülər və iqtisadiyat naziri Zəfər Çağlayan istintaqa cəlb olunmuşdu. /anspress/