Ermənistan tərəfi ölkənin parlament spikeri Qalust Saakyanın Cənubi Osetiya separatçı rejiminin nümayəndəsi ilə görüşdüyünə görə, Gürcüstandan üzr istəyib.
ANS TV-nin məlumatına görə, bunu Gürcüstan XİN rəhbəri Tamar Beruçaşvili parlament komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.
Ermənistan spikerinin Cənubi Osetiya nümayəndəsi ilə görüşməsini təhlükəli tendensiya adlandıran xanım Beruçaşvili bu cür addımların arxasında ciddi və davamlı planları olan qüvvələrin durduğunda əmin olduğunu bildirib.
“Bizim səfir məsələ ilə bağlı iki dəfə Ermənistan XİN-də olub. Həmçinin Gürcüstanın baş naziri də erməni həmkarı ilə danışıqlar aparıb və onlar bu danışıqlardan sonra, demək olar ki, üzr istəyiblər”, - deyə Beruçaşvili əlavə edib.
Tamar Beruçaşvili həmçinin vurğulıyıb ki, Ermənistanın bugünkü prioritetləri, apardığı siyasət, bu ölkənin Gürcüstana qarşı belə bir addımları gələcəkdədə ata bilər.
Qeyd edək ki, Gürcüstan və Ermənistan arasında diplomatik qalmaqal bir neçə gün əvvəl Ermənistan parlament spikeri Qalust Saakyanın Sxinvali rəhbərliyinin təmsilçisi Anatoli Bibilovla görüşündən sonra baş verib. İş o yerə çatıb ki, Gürcüstan hətda Ermənistandakı səfirini geri çağırmağı nəzərdən keçirib. Lakin gürcü höküməti vəziyyəti gərginləşdirməmək üçün səfiri geri çağırmaq fikrindən vaz keçib./anspress/