Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyası Dağlıq Qarabağın “müstəqilliyi” ilə bağlı layihəni müzakirəyə göndərməkdən imtina edib.
Məlumata görə, layihənin lehinə yalnız “İrs” fraksiyasının nümayəndəsi Tevon Poqosyan, əleyhinə isə hakim Respublika Partiyasının üzvü Hamlet Artunyan səs verib.
Ermənistanın xarici işlərinin nazir müavini Şavarş Koçaryan parlamentin xarici əlaqələr üzrə daimi komissiyanın iclasında bildirib ki, Dağlıq Qarabağın “tanınması” indiki məqamda məqsədəuyğun deyil.
Layihə bir müddət əvvəl “İrs” partiyasından olan deputat Zarui Postancyan və eks-baş nazir, hazırda müxalif “Erməni Milli Konqresi”ndən seçilən deputat Qrant Baqratyan tərəfindən irəli sürülüb.
Əvvəl Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması ilə bağlı qanun layihəsinin qəbul olunacağı bildirilsə də Ermənistan rəhbərliyi bunu təkzib edib.
Ermənistanın baş nazirinin sözçüsü Qoar Poqosyan mayın 5-də öz "Facebook" səhifəsində "Ermənistanın Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması barədə qanun layihəsini" Ermənistan hökumətinin bəyəndiyi barədə məlumatı təkzib edib.
Hökumətin yekun rəyində qeyd olunur ki, icra orqanı qanun layihəsinin qəbulunu Ermənistanla Dağlıq Qarabağ arasında hadisələrin sonrakı inkişafı, o cümlədən xarici amillər nəzərə alınmaqla müzakirələrin nəticəsi ilə şərtləndirəcək. Başqa sözlə, indiki mərhələdə hökumət Qondarma Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə qanun layihəsini bəyənməyib”, - deyə sözçü qeyd edib.
2013-2014-cü illərdə Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması ilə bağlı məsələ parlamentdə müzakirə olunub. Amma qanunverici orqan qondarma rejimin “müstəqilliyini” tanımayıb./anspress/