Anspress-in AzeriDefence-yə istinadən bildirdyinə görə, iki ölkə arasında silahlı münaqişəni əsas gətirərək Azərbaycana və Ermənistana silah satışına embarqo tətbiq edən İngiltərənin “Accuracy International” şirkətinin istehsalı olan snayper tüfənglərinin bir neçə il əvvəl Ermənistan ordusunda peyda olması bəzi suallar meydana çıxarmışdı.
Ermənilərə məxsus razm.info adlı saytın yayımladığı videoda Ermənistan Ordu xüsusi təyinarlılarının silahlanmasında olan adıçəkilən şirkətin istehsalı olan AX338/AXMC snayper tüfəngi nümayiş etdirilmiş, bu silahın taktiki-texniki göstəriciləri haqda məlumat verilmişdi. Bununla da əvvəllər yalnız informasiya olaraq adı keçən İngiltərə istehsalı olan snayper tüfənginin Ermənistan Ordusunda olması rəsmən sübuta yetirildi. (Video üçün bax: https://www.youtube.com/watch?v=1GFWA63a0bE)
2014-cü ilin aprel ayında Malaziyada keçirilən DSA-2014 sərgisinə qatılan “Accuracy International” şirkətinin nümayəndələri “AzeriDefence”yə açıqlamalarında şirkətin referansları sırasında rəsmən Ermənistan və Gürcüstanın olduğunu bildiriblər.
Şirkət rəsmiləri hətta bir az irəli gedərək, Ermənistana L96A1 Arctic Warfare, AWS (Arctic Warfare Suppressed) və Arctic Warfare Folding modellərinin satıldığını bildiriblər.
Ermənistana satılan snayper tüfəngləri “Schmidt & Bender” şirkətinin istehsalı olan optik nişangahla komplektləşdirilib. Ermənistana bu silahların satışı “Accuracy International”ın Gürcüstandakı dileri vasitəsi ilə həyata keçirilib.
Lakin bu günlərdə “AzeriDefence” faktla bağlı diplomatik kanallardan fərqli məlumat əldə edib. Belə ki, sözügedən məlumat Azərbaycan mediasında yer alandan sonra, Azərbaycan tərəfi rəsmi açıqlama üçün diplomatik kanalla İngiltərəyə müraciət edib. Qarşı tərəf isə adıçəkilən silahın Ermənistana satışının bir Fransa firması tərəfindən (distrübütor) həyata keçirildiyini bildirib.
Burada sual meydana çıxır:
Adətən nəinki silah, hətta mühərrikin belə satışı zamanı satışı reallaşdıran şirkətdən son istifadəçi barədə məlumatı alan İngiltərənin ixraca nəzarət orqanı nədən təyinatı bilavasitə insanları öldürmək olan snayıper tüfənginin bəlli partiyasının ixracında son istifadəçinin kimliyini istəməyib?
Qeyd edək ki, bu İngiltərə şirkətlərinin Ermənistanla hərbi əlaqələrində birinci hal deyil.
Bundan əvvəl İngiltərənin başqa bir şirkəti işğal altındakı Azərbaycanın Xankəndi hava limanı üçün ermənilərə avadanlıq satışı reallaşdırıb.
Baş ofisi İngiltərədə yerləşən “Halo Trust” şirkəti isə Ermənistanda və ermənilərin işğalı altındakı Azərbaycan ərazilərində “minatəmizləmə” əməliyyatları ilə məşğul olur, eyni zamanda Ermənistan hərbçilərinə təlimlər keçirlər.