Ermənistan Müdafiə Nazirliyi 2005-2014-cü illər arasında ABŞ-dan və Çin Xalq Respublikasından 45 milyon dollardan çox qrant alıb.
APA-nın "epress.am" saytına istinadən verdiyi məlumata görə, ABŞ-dan qrantlar "Xarici hərbi maliyyələşdirmə" və "Beynəlxalq hərbi təhsil və təlim" proqramları çərçivəsində ayrılıb. "Xarici hərbi maliyyələşdirmə" proqramı çərçivəsində Ermənistana 35.7 milyon dollar, "Beynəlxalq hərbi təhsil və təlim (təhsil)" proqramı çərçivəsində 6 milyon dollar qrant verilib.
Çin Müdafiə Nazirliyi isə 2009-2013 illərdə Ermənistan Müdafiə Nazirliyinə təmənnasız 3.8 milyon dollar verib.
Ermənistan Müdafiə Nazirliyindən verilən məlumata görə, qurum Avropa İttifaqı və Rusiya Federasiyasından yardım almayıb. Ancaq bu cavab Ermənistan Müdafiə Nazirliyinə sorğu göndərən “Məlumatlandırılmış vətəndaşların ittifaqı" nümayəndələrini təəccübləndirib. Çünki məhz Rusiya Ermənistanın əsas hərbi müttəfiqi hesab edilir.