Ermənistan müdafiə naziri Seyran Ohanyan hava hücumundan müdafiə ilə bağlı iclas keçirib.
Məlumata görə, Ohanyan bildirib ki, ordunun hərbi gücünü təmin etmək üçün hava hücumundan müdafiə sistemləri daha da təkmilləşdirilməlidir.
İclasda Ermənistan silahlı qüvvələrinin son durumu müzakirə edilib. Bildirilib ki, orduda pilotların peşəkarlığı təcili artırılmalıdır.
Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, general-leytenant Stepan Qalstyan bəyan edib ki, erməni əsgərləri bütün döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir.
Böyük ehtimalla son vaxtlar ermənilər cəbhə xəttində xeyli itki verdiyinə görə təcili iclas çağırılıb. Həm sadə vətəndaşlar, həm də əsgərlər arasında yaranmış ruh düşkünlüyünü aradan qaldırmaq üçün Ohanyan və onun komandası ordu ilə bağlı kəskin bəyanatlar verirlər. Guya onlar istənilən hücumun qarşısını almağa qadirdilər. Halbuki təkcə bu il ermənilərin kəşfiyyat-diversiya hücumları zamanı düşmən ordu ən az 50 il hərbçisini itirib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ermənilərin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlara cavab olaraq bildirib ki, düşmən birmənalı olaraq anlamalıdır ki, o özgə torpağına soxulub və sağ-salamat qalmasının yeganə yolu işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir. Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçılarımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaqdır./anspress/