Ermənistan Çindən silah ala bilər
07.05.2016 1103 0.0 0

Ermənistanın müdafiə nazirliyi Rusiyadan başqa digər ölkələrdən silah alınması məsələsinə münasibət bildirib.
Məlumatına görə, "Aykakan Jamanak" qəzetinə müsahibə verən müdafiə nazirinin müavini David Tonoyan  jurnalistin “Çin silah satışında Rusiyaya alternativ ola bilərmi?” sualına belə cavab verib:

“Bu, qeyri-peşəkarların söhbətidir. Bizim məqsədimiz hərbi texnikanın hər növündən əldə etmək deyil. Həmçinin silahı hansı ölkənin istehsal etməsi də əhəmiyyətsizdir. Burada əsasən keyfiyyətə, qiymətə və texniki məsələlərə əhəmiyyət verilir. Ermənistanın Müdafiə Nazirliyi bütün imkanları müzakirə edir”, - deyə  David Tonoyan bildirib.

Cəbhə xəttində baş verən son hadisələrdən sonra Ermənistan cəmiyyətində əsas müzakirə mövzusu ordunun müasir silahlarla təchiz olunmamasıdır.  Bir neçə gün əvvəl Ermənistan parlamentinin millət vəkilləri ilə görüşdə müdafiə naziri Seyran Ohanyan  dolayısı ilə bildirib ki, başqa ölkələrdən silah alınmamasının əsas səbəbi İrəvanın Moskvadan qorxmasıdır. Ohanyan deyib ki, biz Rusiyadan indiyə qədər silah almışıq və bundan sonra da bu proses davam edəcək.

 

David Tonoyan - Ermənistanın müdafiə nazirinin müavini 


Aprelin 4-də qapalı keçirilən görüşdə ölkə rəsmisinə bu suallarla müraciət ediblər: "Ermənistan niyə Çin və İsraildən silah əldə etmir? Bu ölkələr bizə istənilən növ hərbi texnika satmağa hazırdır. Niyə bizim ordumuz  yalnız Rusiyadan  əldə edilmiş  silahla silahlandırılır?” - "Aykakan jamanak" qəzeti yazır. 

Ermənistanın silah ala biləcəyi, amma imtina etdiyi ölkələr arasında Çin və İsrailin adı xüsusi qeyd edilir.

Cəbhə xəttində baş verən son hadisələrdən sonra Ermənistan  rəhbərliyi güclü ordularının olmadığını dolayı yollarla etiraf edir. Serj Sarkisyan Almaniyaya səfəri çərçivəsində bildirmişdi ki, rəsmi Bakıdan fərqli olaraq İrəvan 1980-ci illərdə istehsal olunan silahlarla döyüşür: "Azərbaycanın modern silahlara sahib olduğu son 3 gündə özünü göstərdi".
Həmçinin baş nazir Ovik Abramyan Rusiyanı Azərbaycana silah satmamağa çağırıb. “Rusiyanın qarşı tərəfə silah satışını dayandırması yaxşı olardı. Amma bu, Rusiya tərəfinin daxili  işidir”, - deyə Abramyan Gümrüdə çıxış edərək bildirib.

Aprelin 2-dən 5-dək Dağlıq Qarabağda hərbi vəziyyət gərginləşib. Ermənistanın silahlı qüvvələri Azərbaycan kəndlərini atəşə tutublar. Bundan sonra Azərbaycan ordusu da onlara cavab atəşi açıb və 4 gün cəbhə xəttində ağır döyüşlər gedib. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri erməni silahlı qüvvələrindən tam azad olunub. Döyüşlər zamanı Azərbaycan Ermənistan ordusunun təxribatlarına qarşı müasir silahlarla cavab verib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar