Ermənistan yenidən Azərbaycanı nüvə hücumu ilə hədələyib. Məlumata görə, "Daşnaksütyun" partiyasının parlament fraksiyasının rəhbəri Armen Rüstəmyan deyib ki, Ermənistanın keçmiş baş naziri və fəaliyyətdə olan parlament üzvü Qrant Baqratyanın nüvə silahı ilə bağlı açıqlama verməyə əsası var.
"Qrant Baqratyan danışdığını bilir. Sabiq baş nazirin belə bəyanat verməsinə əsas var. Biz, həqiqətən, atom energetikasını inkişaf etdirən ölkəyik. Amma başqa heç nə deyə bilməyəcəm. Bu, hərbi sirdir”, - deyə Armen Rüstəmyan bildirib.
O, Ermənistanda radioaktiv silah istehsal ediləcəyini də bildirib. “Kim deyib ki, bu, bizdə qadağandır? Kim deyib ki, biz silah istehsal etmirik?” - deyə Rüstəmyan bildirib.
Armen Rüstəmyan - "Daşnaksütyun" partiyasının parlament fraksiyasının rəhbəri
Bu, ilk dəfə deyil ki, erməni tərəfi Azərbaycanı nüvə silahı hədələyir. Bundan əvvəl də Ermənistanın sabiq baş naziri, deputat Qrant Baqratyan mətbuat konfransında Ermənistanın nüvə silahı olduğunu demişdi.
Baqratyan bildirib ki, ancaq nüvə silahı ilə Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təminat altına almaq mümkündür. Baqratyan öz növbəsində bu barədə nəsə əlavə izahat vermək niyyətində olmadığını bildirib: "Bizim atom silahı əldə etmək imkanımız var. Bizim atom silahımız var".
Ermənistan rəsmilərinin belə açıqlamalarına Azərbaycan tərəfi də münasibət bildirib.
Xarici İşlər Nazirliyindən (XİN) bildirib ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistandan irəli gələn nüvə təhlükəsi və nüvə terroru təhdidləri barədə daimi olaraq məlumatlandırır və xəbərdar edir. “Azərbaycanın Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasına (AES) dair narahatlıqları və bu nüvə obyektinin region üçün yaratdığı risklər və təhdidlər kontekstində onun bağlanılması məsələsi mütəmadi şəkildə tərəfimizdən qaldırılır”,- deyə Hikmət Hacıyev bildirib.
Bundan öncə də İrəvan Azərbaycanı “çirkli bomba” ilə hədələyib. “Komandos” ləqəbi ilə tanınan erməni general-mayor Arkadi Ter-Tadevosyan bu məsələnin üstünü açıb. məlumata görə, İrəvanın “Lragir” nəşrinə müsahibəsində Ter-Tadevosyan bu barədə danışıb. “Bizdə elə bir silah var ki, düşmənin bundan xəbəri yoxdur. Bu silah ermənilərin əli ilə hazırlanır və ən ağır vəziyyətdə istifadə edilə bilər ki, Azərbaycan özünə gələ bilməsin. Buna görə də mən silah-sursatın siyahısını açıqlayanları çox tənqid etmirəm. Onlar göstərməyə çalışıblar ki, guya nəsə bilirlər, amma bu, Azərbaycan üçün elə də faydalı olmayıb”/anspress/