Ötən gün Rusiyanın "Rossiya 1" telekanalında yayımlanan "Odin v odin" proqramında muğamın ermənilərə məxsus musiqi kimi təqdim olunması səs-küyə səbəb olub. Belə ki, şouda münsiflər heyətində əyləşən bakılı müğənni Larisa Dolina iştirakçılardan biri olan Aleksey Çumakovun ifasına münasibət bildirərkən muğamın ən yaxşı ifaçılarının ermənilər olduğunu iddia edib.
Məlumata görə, Azərbaycanın bir neçə görkəmli muğam ifaçıları bu məsələyə öz etirazını bildiriblər. Muğam sənətini dünyanın bir çox ölkələrində inanılmaz ifası ilə tanıdan, dünya şöhrətli ifaçı Alim Qasımov muğamın şərq ölkələrinə məxsus olduğunu bildirdi: “Ümumilikdə muğam şərq ölkələrinin olduğu üçün onu hər xalq bir cür ifa edir. Amma muğamın inkişafı ən çox Azərbaycanın adı ilə bağlıdır. Muğamın ermənilərə məxsus olduğu isə yanlış fikirdir. Kiminsə belə bir söz deməsinə sadəcə fikir verməmək lazımdır. Bütün dünya bilir ki, tar da, kamança da bizimdir, ermənilər isə bir vaxtlar ölkəmizdə yaşayarkən həmin musiqi alətlərindən istifadəni bizdən öyrəniblər”, - deyə Alim Qasımov bildirib.
Alim Qasımov - xalq artisti
Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordenli Səkinə İsmayılova Larisa Dolinanın fikrini tamamilə absurd sayır: “Artıq bütün dünyaya biz sübut eləmişik ki, muğam yalnız Azərbaycan xalqına məxsus musiqidir. 2006-cı ildə də UNESCO xətti ilə dünya incisinin - muğamın paytaxtının Azərbaycan olduğu sübut olunub. Odur ki, Larisanın nəsə deməsi o qədər də önəmli deyil, onun fikirləri əsaslı ola bilməz. Muğam bir ilin, iki ilin musiqisi deyil, o, əsrlərin musiqisidir və bütün dünya rəsmi olaraq bilir ki, bu möhtəşəm musiqi məhz azərbaycanlılara məxsusdur. Muğamın bugünkü hala gəlməsində, onun inkişafında yalnız Azərbaycan xanəndələrinin böyük rolu olub, var və olacaq”, – deyə Səkinə İsmayılova vurğuladı.
Səkinə İsmayılova - Xalq artisti
Azərbaycan Milli Konservatoriyasının professoru, xanəndə Mənsum İbrahimov da deyir ki, muğamı oxumaq üçün yalnız Azərbaycan nəfəsi lazımdır: “Muğamın məskəni Azərbaycandır. Ermənilər muğam oxuya bilər, amma onu da vaxtilə Bakıda yaşayanda bizlərdən öyrəniblər. İndi də bizdən öyrəndiklərini imitasiya edirlər. Tarixən onların nə muğamı, nə də muğam ifaçıları olmayıb. Elə ölkəmizdə keçirilən Beynəlxalq Muğam Festivalları özü muğamın azərbaycanlılara məxsus olduğunu bir daha sübut edir”, - deyə Leyli və Məcnun” operasında Məcnunu canlandıran sənətkar Məsum İbrahimov əlavə etdi.
Məsum İbrahimov - xalq artisti
Məsələyə Mədəniyyət və Turizm Nazirliyi də münasibət bildirib. Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov qeyd edib ki, hər hansı şəxsin muğam haqqında subyektiv fikirləri düzgün sayıla bilməz.
"Muğam 2006-cı ildə Azərbaycan muğamı adı altında UNESCO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib. Muğamla bağlı keçirilən bütün beynəlxalq konfranslarda alimlərin araşdırmalarının nəticələri göstərir ki, muğam Azərbaycana məxsus musiqidir. Muğamın erməni xalqına heç bir aidiyyəti yoxdur. Ola bilər ki, zamanında Azərbaycan ərazisində yaşayan ermənilər muğamın incəliklərini muğam ifaçılarımızdan öyrənib, ifa ediblər. Amma bu, o demək deyil ki, muğam ermənilərə məxsusdur", - deyə qurum rəsmisi əlavə edib.
Vüqar Şixəmmədov - Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Rusiyanın "Rossiya 1" telekanalında yayımlanan "Odin v odin" proqramında münsif kimi əyləşən Larisa Dolina iştirakçılardan biri - Aleksey Çumakovun ifasına münasibət bildirərkən deyib ki, muğamı yalnız ermənilər yaxşı ifa etməyi bacarırlar.
“"Muğam ifa etmək inanılmaz çətindir. Çox nadir insanlar bunu bacarır. Çoxları öyrənir, amma yenə də onlarda alınmır. Bu, səndə necə alınır?... Məsələ tembrdə deyil, ifadadır. Yalnız ermənilər yaxşı bacarır. Azərbaycanlılar da muğamı çox yaxşı oxuyurlar", - deyə Larisa Dolina bildirib.
Kimin nə deməyindən asılı olmayaraq muğamın məhz Azərbaycan xalqına məxsus olduğu birmənalıdır. Ermənilər muğamı oğurlaya bilərlər, amma onu heç vaxt bizim kimi ifa edə bilməzlər. Ümumiyyətlə, oğurluq etmək ermənilərin köhnə adətidir... Təkcə musiqimizi deyil, musiqi alətlərimizi, mətbəximizi, xalçalarımızı... və nəhayət 20% torpaqlarımızı oğurlayan bir xalqdan bundan artıq nə gözləmək olar ki?!/anspress/