Bu gün I Qarabağ müharibəsində ən uğurlu əməliyyatlardan biri Horadiz əməliyyatından 22 il ötür.
1994-cü ilin 5-6 yanvarında milli ordunun qrupları əks-hücuma keçərək Horadiz qəsəbəsini və Füzulinin 22 kəndini azad edib. Ermənilər ağır itki verərək 25 kilometr geriyə çəkilib.
Horadiz düşmənin diz çökdürüldüyü döyüşlərdəndir.
1993-cü ilədək Dağlıq Qarabağ və ətraf rayonların itirilməsindən sonra silahlı qüvvələrimiz bu uğurlu hərbi əməliyyatla Füzuli rayonun 30 min ha hissəsini 22 kəndi işğaldan azad ediblər.
Keçmiş döyüşçülər bu qələbədə Heydər Əliyevin rolunu xüsusilə qeyd edirlər. Döyüşdən qabaq Seyfəli poliqonunda ali baş komandan çağırış edərək onları döyüşə ruhlandırmışdı.
Tanklar da Əliyev uğrunda döyüşə atılmışdılar. Əməliyyat Arazboyu, Əhmədbəyli, Kürdmahmudlu, Alıxanlı kəndləri istiqamətində başlanılır.
Əvvəlcə kəşfiyyatçılar Araz çayının sahili ilə düşmən qüvvələrinin arxasına keçir. Digər bir dəstə isə ermənilərin əsas qüvvələrinin hərəkət edəcəyi Şükürbəyli və Böyük Bəhmənli istiqamətində pusqu qurur. Erməni silahlı birləşmələri 4 istiqamətdən hücuma məruz qalır.
“Əhmədbəyli və Şükürbəyli istiqamətlərində hücuma keçmişik və bir gün ərzində həmin kəndləri azad etmişik. Növbəti, ikinci döyüşümüz isə Seyidəhmədli uğrunda olub. Bir sutka ərzində davam edən hərbi əməliyyatdan sonra Seyidəhmədlini düşməndən azad etmişik”, - deyə bölük komandiri Radik Qarayev bildirib.
“Horadizin azad olunmasında 4 batalyon və bir kəşfiyyat bölüyünün böyük xidmətləri olub. Xüsusən də əməliyyatda iştirak edən ikinci motoatıcı batalyonun özəməxsus yeri vardı”, – deyə batalyon komandiri Zahir Həsənov qeyd edib.
Bir günlük əməliyyat nəticəsində tam formalaşmamış Azərbaycan ordusu 25 km irəliləmişdi.
Bu gün regionun güclü ordusu hesab edilən Azərbaycan Silahlı Qüvvələrinə neçə gün bəs edər ki, işğal olunmuş torpqaları geri qaytarsın.
“Bununla bağlı proqnoz vermək istəmirəm. Çünki proqnoz vermək hərbçilərin işi deyil. Azərbaycan Silahlı Qüvvələri həm Ali baş komandanın, həm də müdafiə nazirinin əmirini yerinə yetirməyə hər an hazırdır”, – deyə briqada komandiri Şaiq Ramaldanov bildirdi.
Bu gün keçmiş döyüşçülər Şəhidlər Xiyabanında toplaşmışdı.
Horadiz əməliyyatında verdiyimiz 17 şəhidi və digərlərini anmaq üçün. İşğaldan azad olunmuş Horadiz bərpa edilib və artıq şəhər statusu alıb. Məcburi köçkünlər isə öz evlərinə qayıdıb.
İnanaq ki, bir gün gələcək ki, itirmiş digər rayonlarımız da geri qaytarılacaq./anspress/