Ermənistanın işğalı altında olan Talış kəndinin sakinləri qorxduqları üçün evlərinə qayıda bilmirlər. Məlumata görə, bu səbəbdən qondarma Dağlıq Qarabağ respublikasının “rəhbərliyi” kənd sakinlərinin başqa ərazilərdə yerləşdirilməsini təklif edib.
Qondarma rejimin "nazirlər kabineti"nin mətbuat katibi Artak Beqlaryan deyib ki, hələ ərazilər dəqiq müəyyən edilməyib.
“Amma biz onlara təklifimizi etmişik. Hansı ailə şərtləri qəbul edəcəksə, onlar barədə konkret qərarlar qəbul olunacaq”, - deyə qondarma rejim rəsmisi bildirib.
Talış kəndinin icma koordinatoru Slava Bayunts isə deyib ki, artıq 370 erməni İrəvana gedib. O deyib ki, onlar problemlərinin tez bir zamanda həll edilməsi üçün hökumətə məktublar göndəriblər.
“Sakinlər hər yerdə yaşamağa razıdırlar, bircə onlara sığınacaq verməlidirlər. Bizə sığnacaq və maddi yardım lazımdır", - deyə Bayunts bildirib.
Amma bir gün əvvəl Ermənistanın müdafiə naziri Seyran Ohanyan demişdi ki, Talış sakinləri öz evlərinə qayıda biləcəklər. "İndi Talış kəndi təhlükəsizdir. Sakinlərə hər bir şərait yaradılmalıdır ki, onlar öz evlərinə qayıtsınlar. Atəşkəs rejiminə riayət edilir. Bu isə bizə sakinlərin evlərinə qayıtması üçün işlər görməyə şərait yaradır”, - deyə Ohanyan bildirib.
Həmçinin bir neçə dəfə kənd sakinlərinin evlərini tərk etdiyi barədə də məlumatlar yayılıb. Hətta “Qarabağ hökuməti” onlara Şuşa və Ağdam şəhərlərində mənzillər ayırsa da sakinlər İrəvana getməyə üstünlük veriblər. Talış, Madagiz və Ağdərə rayonundan qaçmış əhalinin bir qismi öz qohumlarının evində yaşayır.
Bütün bu faktlar və sakinlərin evlərinə qayıda bilməməsi Ermənistan prezidenti Serj Sarkisyanın “itirilmiş 800 hektar ərazinin starteji əhəmiyyəti yox idi” sözlərinin birbaşa cavabıdır.
Bundan əvvəl də qondarma rejim Sarkisyanın sözlərini təkzib etmişdi.
Qondarma Dağlıq Qarabağ respublikası "parlamentinin" "Milli Dirçəliş" fraksiyasının rəhbəri Ayk Xanumyan Serj Sarkisyanın “itirilmiş 800 hektar ərazinin strateji əhəmiyyəti yox idi” sözlərini şərh edərkən deyib ki, mövqeləri itirdikləri üçün əhali Talış kəndinə qayıda bilmir. O, Sarkisyanı qeyri-adekvat adlandırıb.
Azərbaycan ordusu Talış kəndi ətrafındakı yüksəklikləri aprelin 2-dən 5-dək davam edən hərbi əməliyyatlar zamanı azad edib. Bu yüksəkliklərin azad olunması isə Azərbaycan ordusuna işğal altında olan Talış kəndini nəzarətdə saxlamağa imkan verir.
Ermənistan ordusunun təxribatının qarşısını alarkən qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri ermənilərdən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri ilə yanaşı Seysulan məntəqəsi erməni silahlı qüvvələrindən tam təmizlənib. Strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Aprelin 2-dən 5-dək davam edən döyüşlərdə Ermənistan Silahlı qoşunları xeyli sayda canlı qüvvə və texnika itki verib. Aprelin 5-də saat 12:00-da Azərbaycan Müdafiə Nazirliyi hər iki tərəfin razılığı ilə atəşkəs elan edib. Lakin Ermənistan silahlı bölmələri bu günə qədər atəşkəs rejimini pozur./anspress/