Ermənistan-Azərbaycan təmas xəttində baş verən döyüş toqquşmalarından sonra İrəvan hökuməti Moskvadan silah alışı prosesini sürətləndirmək üçün hərbi kredit sazişinin həyata keçirilməsini tələsik təsdiqləyib. Məlumata görə, təsdiqlənən kredit müqaviləsinin dəyəri 200 milyon dollardır. Həmin maliyyə vəsaiti vasitəsilə Ermənistan Rusiya istehsalı silahları əldə edə bilər.
Rusiyanın Ermənistana kredit ayıracağı ilə bağlı məlumatlar hələ ötən ilin ortalarında yayılmışdı. Amma rəsmi Moskva 2016-cı ilin ferval ayına qədər gözləmə mövqeyində dayandı. Bu il fevralın 10-da isə iki ölkə arasında kredit müqaviləsi qüvvəyə mindi.
Əlbəttə ki, Rusiyanın Ermənistana hərbi məqsədlərə kredit ayırması rəsmi Bakının etirazı ilə qarşılandı. Azərbaycan yeni silahların işğal olunmuş ərazilərdə yerləşdiriləcəyindən narahatlığını ifadə etdi və Rusiyaya rəsmi nota göndərdi. Notaya cavab olaraq bildirildi ki, rəsmi Moskvanın İrəvanla bir sıra müqavilələri var və satış sazişlərə əsasən həyata keçirilir.
Rusiya Azərbaycanın da bu sahədə əsas tərəfdaşlarından biridir. Azərbaycan Rusiyadan müxtəlif təyinatlı tank, helikopter, başqa silahlar alıb və alır. Şübhəsiz ki, bu məsələ rəsmi İrəvanı narahat edən başlıça məqamdır. İrəvan bu etirazını dəfələrlə dilə gətirib, son dəfə isə bu məsələyə görə narahatlığını cəbhə xəttində vəziyyət gərginləşdikdən sonra bölgəyə səfər edən Rusiyanın baş naziri Dmitri Medvedev və onun müavini Dmitri Roqozinə çatdırıb.
Hər iki tərəfin qarşılıqlı etirazlarına baxmayaq Rusiya silah satışına davam edəcəyini açıqladı. Roqozin bəyan etdi ki, silah satışı balanslaşdırılmış formada həyata keçirilir və əgər Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah satışından əl çəkərsə, Rusiyanın yerini ABŞ və digər ölkələr tutacaq.
Hazırkı məqamda İrəvanın Moskvadan aldığı silahlar Serj Sarkisyan rejiminə hava və su kimi lazımdır. Çünki Ermənistan ordusu Azərbaycanla baş verən son döyüş toqquşmasından məğlub ayrıldı. Silahlı Qüvvələrimizin silahlarının müasirliyi bütün erməniləri qorxuya saldı.
Bu məğlubiyyət nəinki erməni əsgərlərində, əhali arasında da ruh düşkünlüyü yaratdı. Belə bir vaxtda Ermənistan hökuməti tez-tələsik Moskva və İrəvan arasında bağlanan hərbi kredit müqaviləsinin sürətlə icrası haqqında sənədi təsdiqlədi. Bəs bu kredit müqaviləsi münaqişə bölgəsində qüvvələr balansına necə təsir edəcək?
Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov açıqlamasında bildirib ki, İrəvanın Moskvadan alacağı yeni hərbi texnika Azərbaycan və Ermənistan arasında hərbi balansa təsir etməyəcək. Onun sözlərinə görə, Azərbaycanın son dövrlər aldığı silahlar Ermənistan ordusunda yoxdur.
“İrəvanın əsas məqsədi Azərbaycanın hərbi texnikasına cavab verə biləcək silahlar əldə etməkdir. Ona görə də Ermənistan Azərbaycan ordusunun sahib olduğu “Smerç” və “Uraqan” tipli silahların arzusundadır. İrəvan 200 milyon dollarlıq kredit hesabına da Azərbaycan Silahlı Qüvvələrinin sahib olduğu silahları əldə edə bilməz. Rusiya bu silahları Ermənistana vermək fikrində deyil".
Ekspert deyir ki, Moskva Ermənistanı uzun illər silahlandırsa da onların hərbi arsenalının keyfiyyəti çox aşağıdır. Buna baxmayaraq İrəvan silahlanaraq itirdiyi mövqeləri geri qaytarmağı arzu edir.
Üzeyr Cəfərov - hərbi ekspert
Ü. Cəfərov qeyd edib ki, separatçı rejimin və Ermənistanın hərbi texnikası beynəlxalq kvotaları dəfələrlə aşıb. Amma Sarkisyan özü də etiraf edir ki, əllərində olan silahlar 80-ci illərin istehsalıdır. Azərbaycan ordusu isə daha müasir artilleriya silahlarına malikdir.
"Artilleriya silahları döyüşlərdə özünü çox effektiv göstərir. Son döyüşlər zamanı Azərbaycanın endirdiyi artilleriya zərbələri Ermənistan ordusunun nizamını pozub. Çünki zərbələrin əhatə dairəsi 6 hektardır”.
Beynəlxalq hərbi statistika agentlikləri Azərbaycan Silahlı Qüvvələrinin dünya orduları sırasında mövqelərini möhkəmlədirdiyini konkret rəqəmlərlə izah edir. Bu il aprelin 11-də "Global Firepower" analitik şirkəti dünyada ən güclü ordularının siyahısında Azərbaycan Silahlı Qüvvələrinin adını 60-cı sırada qeyd edib. Ötən il isə siyahıda ölkəmizin adı 64-cü pillədə idi.
9 milyondan artıq əhalisi olan Azərbaycan Ordusunun müdafiə xərcləri 3 milyard dollardan çoxdur. Tank sayı 314, hərbi təyyarə 127 ədəd kimi göstərilib. Ermənistanda isə 3 milyondan çox əhalinin müqabilində müdafiə xərcləri 225 milyon dollardır. Tank sayı 116, hərbi təyyarələr isə 63-dür.
Bu rəqəmlər Ermənistan-Azərbaycan təmas xəttində baş verən son toqquşmadan sonra açıqlanıb. Dördgünlük döyüşlərdə Azərbaycan Ordusu qarşı tərəfin onlarla tankını və artilleriya qurğusunu sıradan çıxardı.
Rusiya mətbuatı yazır ki, döyüşlərdə Ermənistan rəhbərliyini ən çox cəlb edən Azərbaycanın sahib olduğu “Smerç” reaktiv yaylım atəşi sistemi olub. İrəvanın maraq göstərdiyi silahın qiyməti isə 12.5 milyon dollardır.
"Smerç" - reaktiv yaylım atəşi sistemi
"Uraqan" - reaktiv yaylım atəşi sistemi
Rəsmi İrəvan bu silahları Rusiyadan aldığı 200 milyon dollar kreditlə əldə etmək istəyir. Yəqin ki, Ermənistan ümid edir ki, Rusiya bu silahları daha ucuz qiymətə satacaq. Amma neftin qiymətinin aşağı olduğu dövrdə Rusiyanın əsas gəlir mənbələrindən biri məhz silah ticarətidir. Rəsmi Moskva daha baha qiymətə silah satmaqla neftin yaratdığı maliyyə boşluğunu aradan qaldırmaq istəyir. Həmçinin Gürcüstanın Rusiyaya öz ərazisindən silah daşınmasına qoyduğu qadağa hərbi texnikanın daşınma xərclərini də artırır.
Rusiyanın Ermənistana silah çatdırdığı əvvəlki və hazırkı marşrut (əvvəlki - qırmızı, hazırkı - yaşıl)
Belə bir məqamda Rusiyanın Ermənistana silahları ucuz qiymətə satacağı heç də real görünmür. /anspress/