Ermənilərdən növbəti Qarabağ yalanı
16.02.2016 473 0.0 0

Fevralın 8-12-də Moskvada keçirilən Beynəlxalq ərzaq sərgisində Ermənistan Dağlıq Qarabağ məhsullarını öz adı altında təqdim edib.  

Məlumata görə, "Prod-ekspo-2016" adı altında keçirilən tədbirdə içki, pendir və s. kimi qidalar təqdim olunub.  Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə Ermənistanın stendi diqqət mərkəzində olub. 

 

"Prod-ekspo-2016" tədbirində nümayiş olunan Ermənistan stendi


Şəkildən də göründüyü kimi stendin sol tərəfində “Arsax-Bio” loqosu var. Amma, halbuki, sərginin rəsmi saytında Moskvada Dağlıq Qarabağ məhsullarının təqdim olunması barədə məlumat yox idi. Bu barədə yalnız “Qondarma Dağlıq Qarabağ”ın baş naziri öz Facebook səhifəsində qeyd edərək, “Arsax”ın (Qarabağ) məhsullarının böyük uğurla təqdim olunmasından şad olduğunu bildirib. 

 

"Prod-ekspo-2016" tədbirində nümayiş olunan "Ermənistan" məhsulları


Maraqlı məqam ondan ibarətdir ki, “Arsax Bio” şirkətinin məhsulları Rusiyanın rəsmi idarəsinin təşkil etdiyi sərgiyə necə düşüb? Kim erməniləri bu məhsulları piyar etmək üçün Moskvaya dəvət edib? Bəlkə, Bakının xəbəri belə olmadan, Moskva və “Stepanakert” ticari-iqtisadi əlaqələr qurur? Axı, Moskva Dağlıq Qarabağ məhsullarını Ermənistanın adı altında təqdim etməkdə niyə bu qədər maraqlıdır?

İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov deyir ki, bu, birbaşa siyasətlə bağlı olan məsələdir və hökümətlərarası münasibətlə tənzimlənməlidir:

“Belə tədbirləri təşkil edənlər barədə Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın Xarici İşlər Nazirliyinə hər hansı bir formada təzyiq etməlidir. Düzdür, Qarabağ məhsul istehsal edir. Rusiya da imkan yaradır ki, bu məhsullar Ermənistanın adı altında yayımlansın. Amma bu o demək deyil ki, onu müstəqil dövlət kimi tanıtmaq lazımdır. Bu, çox ciddi məsələdir. İmkan vermək olmaz ki, Dağlıq Qarabağ məhsul istehsal edən bir müstəqil ölkə kimi tanınsın. Buna da birbaşa bizim dövlətimizin, xüsusilə, Xarici İşlər Nazirliyi və bəzi hallarda Kənd Təsərrüfatı Nazirliyi də müdaxilə etməlidir”, - deyə Vahid Məhərrəmov vurğuladı. 

 

Vahid Məhərrəmov - İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti 



Sərgi ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, məsələdən xəbərdardırlar və bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi ilə danışıqlıqlar aparılıb, araşdırmalar gedir.

Azərbaycanın Rusiyadakı səfirliyi isə tədbirlə bağlı suallarımızı e-mail adreslərinə göndərməyi və yaxın vaxtlarda bu sorğuya cavab verəcəklərini qeyd etdilər. 

Analoji hal 2015-ci ilin noyabr ayında da olub. “Qondarma Dağlıq Qarabağ”ın iqtisadiyyat nazirinin sözlərinə görə, o zaman da Moskvada “Arsax günləri” böyük uğurla keçirilib. Həmin sərgidə geniş çeşiddə məhsullar – konservlər, içkilər və s. rusların ixtiyarına verilib. Bundan başqa, həmin gün Ermənistanın “milli irsi”, “turizm potensialı” da təqdim olunub. 

Dağlıq Qarabağ -  Azərbaycan Respublikasının qərb bölgəsidir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Sovet hakimiyyəti dövründə burada Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Vilayətin tərkibinə Əsgəran, Xocavənd, Ağdərə, Şuşa və Xankəndi rayonları daxildir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar