Almaniyanın məşhur "Spiegel" nəşrinin keçmiş müxbiri, publisist Rixard Kissler Cənubi Qafqazda stabillik və təhlükəsizlıik mövzusunda simpoziumda çıxış edib.
Vestnik Kazkaza agentliyinin verdiyi məlumata görə, publisist Dağlıq Qarabağa səfərinin təəssüratlarından danışıb. Alman publisist ermənilərin azərbaycanlılara qarşı soyqırım təşkil etdiyi Xocalıda olduğunu bildirib. "Mən Xocalıda oldum. Orada çox kədərli bir mənzərənin şahidi oldum. Hər yer dağıdılmışdı. Mən ordakılara Xocalı soyqırımı haqda suallar verməyə başladım. Onlar ya bu haqda heç nə eşitmək və danışmaq istəmədiklərini dedilər, ya da faciənin əsl tarixini gizlədərək qətliamın elə Azərbaycan ordusu tərəfindən törədildiyini deyirdilər", - deyə Kissler bildirib.
Alman publisist sonra Şuşaya səfərindən də danışıb. O, Şuşada dağıdılmış məscid və kitabxananın gördüyünü deyib. "Ümumilikdə mən Dağlıq Qarabağda heç bir pozitiv iqtisadi inkişaf görmədim. Ora heç kim pul qoymur, ermənilərin isə pulu yoxdur. Rusiya da bu məsələyə qarışmır. Dağlıq Qarabağ gözəl təbiəti olan regiondur. Bir alman kimi ora mənə Şvartsvardı xatırladır. Ancaq orda tərk edilmişlik atmosferi hökm sürür", - deyə alman publisist vurğulayıb./anspress/