Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma cəhd ediblər. Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib.
Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş zərbəsindən sonra işğalçılar geri çəkilməyə məcbur edilib.
İlkin məlumata görə düşmənin diversiya qrupunun 2 üzvü öldürülüb və xeyli sayda yaralıları var.
Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib, əməliyyat şəraiti tam nəzarətimiz altındadır.
Təmas xətti
Erməni mətbuatı iki əsgərinin öldüyü barədə məlumat yazıb. Məlumatda qeyd edilir ki, noyabrın 12-də axşam saat 21 radələrində təmas xəttində gərginlik baş verib. Nəticədə iki erməni əsgəri öldürülüb. Bunlar 20 yaşlı Vaqe Vanoyan və 19 yaşlı Mikael Torosyandır.
Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 105 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Gülüstan, Talış, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Cəvahirli, Kəngərli, Sarıcalı, Şıxlar, Novruzlu, Mərzili, Qaraqaşlı, Şuraabad, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 112 dəfə atəş zərbəsi endirib./anspress/