Ermənistan Silahlı Qüvvələrinin muzdlu əsgəri Arman Yepremyan bu axşam Cermuk rayonunun Azərbaycan sərhədinə yaxın Qorayk kəndi ərazisində öldürülüb.
Məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arcrun Ovannisyan öz “Facebook” səhifəsində bildirib. Ovannisyan iddia edib ki, hadisə iyunun 26-da axşam saat 18:30-da Azərbaycan tərəfi iri çaplı silahlardan da istifadə etməklə Ermənistan Silahlı Qüvvələrinin Qorayk kəndi ərazisində yerləşən postlarını atəşə tutub.
“Döyüş zamanı Ermənistan Silahlı qüvvələrinin hərbi qulluqçusu, sıravi muzdlu, 1987-ci il təvəllüdlü Arman Maisoviç Yepremyan dünyasını dəyişib”,- deyə Arcrun Ovannisyan iddia edib. Erməni hərbçi Azərbaycan ordusunun hücumunun Naxçıvan Muxtar Respublikası ərazisindən edildiyini iddia edib. Arcrun Ovannisyanın bu fikri Ermənistan Müdafiə Nazirliyinə yaxın olan, bu qurumun diqtəsi ilə oturub-duran erməni jurnalistlər, blogerlər tərəfindən geniş tirajlanıb.
Göründüyü kimi, Ermənistan Müdafiə Nazirliyi indiyə kimi qaynar xəbərlərin gəlmədiyi bir nöqtədə baş vermiş ölümü İrəvanda elektrik tariflərinin bahalaşması ilə bağlı gedən etiraz aksiyalarının fonunda daxili siyasətdə istifadə etməyə çalışır. Qorayk kəndinin coğrafi baxımdan İrəvana yaxın olması da burada rol oynayır. Dolayısı ilə etirazçılara bildirilir ki, “siz burda 2 sentin davasını döyürsünüz, düşmən isə 50-60 kilometrdən hücum edir”.
Əslində, Arman Yepremyanın hələ də sirli qalan ölümü hər cür səbəbdən ola bilər - iş tapa bilmədiyindən çox aşağı (təxminən 100 dollar) maaşa muzdlu əsgər kimi orduya getməyə məcbur olmuş 28 yaşlı gənc intihar da edə bilər, onu elə öz əsgər yoldaşları da vura bilər. Ermənistan ordusunda belə faktlar tez-tez qeydə alınır. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı xəbərdən də aydın olur ki, bu gecə Naxçıvan tərəfdə atəşkəsin pozulması baş verməyib.
Böyük ehtimalla Arsrun Ovannisyan yalan danışır. Ermənistan rəhbərliyi xəbəri şişirtməklə erməni ictimaiyyətinin diqqətini Azərbaycanın Naxçıvan Muxtar Respulikasında yerləşən silahlı birləşmələrinin doğurduğu qorxuya yönəldir. Bununla da, elektrik enerjisinin bir kilovattsaatının region üzrə ən yüksək olan 12 sentə qaldırımasına etiraz edən əhalinin başını qatmaq istəyir. Müqayisə üçün, bu, Azərbaycandakı qiymətdən (6 sent) iki dəfə çoxdur. Gürcüstanda isə 8 sentin ətrafında dəyişir.
Bu artıma etiraz edən minlərlə ermənistanlı isə günlərdir küçələrdədir. Onlar "Talana yox" aksiyası ilə bu bahalaşmaya qarşı çıxırlar. /anspress/