Cəbhədə baş verən son hadisələrdən sonra Azərbaycanın hərbi gücünü görən istər erməni ictimaəti istərsədə rəsmi dairələr qorxuya düşərək anormal fikirlər səsləndirməyə başlayıblar.
Qazeta.info Anspress-ə istinadla qeyd edir ki, Ermənistanın ATƏT-dəki daimi nümayəndəsi Arman Kirakosyan dünən ATƏT-də çıxış edərək Azərbaycanın qoşunların təmas xəttində 120 millimetr diametrli iri çaplı artilleriyadan istifadə etdiyini iddia edib.
Məlumata görə, erməni diplomatın başqa bir iddiası Azərbaycanın 1994-cü ildən bərqərar olmuş atəşkəs rejimini pozmaq istəməsi ilə bağlı olub.
Arman Kirakosyanın bu iddiası erməni mətbuatına Azərbaycana adekvat cavab barədə iddialar səsləndirməyə təkan verib. Erməni “şərhçilər” İrəvanın bunu cavabsız qoymayacağı barədə xəyali variantlar irəli sürməyə başlayıblar. Və təbii ki, bütün bu xəbərlərdə nə vaxtsa İrəvanda keçirilmiş hərbi paradda nümayiş etdirilmiş Skad raketlərinin şəkli dərc olunub. Erməni mətbuatı rəsmi İrəvanın bu raketlərlə Bakını vuracağını iddia etməyə başlayıb. Ermənistanın böyük xəyal ustası olan jurnalisti Levon Melik Şahnazaryan isə bir qədər əvvəl dərc etdirdiyi məqaləsində guya Ermənistanın əlində nüvə başlıqlarının olmasını, həmin raketlərə nüvə başlıqlarının yerləşdiriləcəyini iddia etmişdi. Bəzi erməni ekspertlər həmin raketlərlə Mingəçevir su anbarını vurmaqla hədələmişdi.
Lakin rusiyalı politoloq Aleksey Sinitsının bununla bağlı dedikləri ermənilərin sadəcə blef elədiyini ortaya çıxarır. Politoloqun dediyinə görə, İrəvanda nümayiş etdirilən Skad raketləri Rusiya hərbçilərinə məxsusdur və ruslar həmin raketlərdən ermənilərin istifadə etməsi üçün icazə verməzlər. Həm də Aleksey Sinitsının fikrincə, bu raketlər hətta İrəvanın əlində olsa belə, Azərbaycana heç bir zərbə vura bilməz. Politoloq İraqdakı “Səhrada tufan” əməliyyatını xatırladıb. Həmin əməliyyat zamanı əlində 500 ədəd Skad raketləri olan İraq İsrailin heç bir hədəfini vura bilmədi, çünki “Petriot” sistemləri onları yolda zərərsizləşdirdi. “Azərbaycanın əlində olan S-300 zenit-raket kompleksləri “Petriot”dan heç nə ilə geri qalmır. Erməni “Skad”larının gücü barədə deyilənlər də şübhəlidir. Onların Azərbaycanın raket əleyhinə sistemini keçməsinə heç bir şansı yoxdur”,- deyə politoloq vurğulayıb.