Erməni hərbçisinin cinayət işinin istintaqı yekunlaşıb
11.03.2015 677 0.0 0

Qazeta.info bildirir ki, Ağdam istiqamətində yaxalanan erməni hərbçi barədə Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilmişdir.

Ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanmış və hüquq mühafizə orqanlarına təhvil verilmişdir.

Həmin fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.7-ci, 29,120.2.12-ci və 29,282.2-ci maddələri ilə cinayət işi başlanıb və istintaq aparılmışdır.

İstintaqla müəyyən edilmişdir ki, Ermənistanda xüsusi təlim keçən Arsen Baqdasaryan bu ölkə tərəfindən işğal altında saxlanılan Azərbaycanın Ağdərə rayonu ərazisində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin 49971 saylı hərbi hissəsində müqavilə əsasında baş çavuş hərbi rütbəsində kəşfiyyat bölüyünün tağım komandiri vəzifəsində fəaliyyət göstərdiyi zaman hərbi hissə komandirindən Azərbaycan Respublikasının vətəndaşlarını milli ədavət və düşmənçilik niyyəti ilə qəsdən öldürmək, ölkəmizin müdafiə qabiliyyətini zəiflətmək məqsədilə Silahlı Qüvvələrimizin müdafiə mövqelərinə tərəf keçib səngərlərdə partlayışlar törətmək üçün mina basdırılması barədə göstərişlər almışdır. A. Baqdasaryan bu məqsədlə cinayətkar birliyin digər üzvləri ilə birlikdə (onların adları və soyadları istintaqa bəllidir) 2014-cü il dekabrın 26-da saat 15 radələrində qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində özləri ilə götürdükləri 7 ədəd “fuqas” tipli piyada əleyhinə minalardan 3-nü Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulmuşdur.

Cinayət törətməkdə əsaslı şübhələr olduğundan A. Baqdasaryan barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.

İş üzrə zəruri istintaq hərəkətləri aparılaraq hadisə yerinə, habelə A. Baqdasaryanın üzərindən götürülmüş soyuq silaha və digər əşyalara, torpağa basdırılmış minalardan birinə, həmçinin digər iki minanın partladılmaqla zərərsizləşdirildiyi yerə baxış keçirilməklə, məhkəmə-tibbi, kompleks məhkəmə psixiatrik və psixoloji, məhkəmə partlayış-texniki və s. ekspertizaları təyin edilərək rəylər alınmış, hadisənin şahidləri dindirilmişdir.

A. Baqdasaryan ilkin istintaq zamanı və istintaqın sonrakı gedişində təkzibolunmaz sübutların təsiri altında törətdiyi cinayətləri könüllü etiraf etmiş və işin halları ilə bağlı istintaqa ətraflı məlumat vermişdir.

Törətdiyi əməllərə ğörə A. Baqdasaryanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.2-ci (cinayətkar birlik-təşkilatda iştirak etmə), 29,120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə), 29,120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə), 29,120.2.12 (milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə), 29,282.2-ci (təxribat, yəni mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətməyə cəhd) və digər maddələri ilə ittiham olunmasına dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilmişdir.

Hazırda Respublika Hərbi Prokurorluğunda cinayətkar birliyin digər üzvləri barəsində cinayət işi ayrılmaqla, ibtidai istintaq davam etdirilir. İstintaqın nəticəsindən asılı olaraq müvafiq qanuni tədbirlər görüləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar