Əməkdar artist Elza Seyidcahan bundan sonra heç bir verilişdə şeir adlandırdığı mətnləri səsləndirməyəcək.
Məlumata görə, ekstravanqard müğənni Elza Seyidcahan qonaq olduğu verilişlərdən birində hamı tərəfindən danışılan “şeirlər”inə mahnı bəstələdiyini, eləcə də albom vəd edildiyini bildirib.
“Şeirlərimə qadağa qoyulub. Onları pulla alıblar. İcazə vermirlər verilişlərdə deyim. Çünki yaxın zamanda şeirlərimdən ibarət silsilə albom çıxacaq. Hamısı eksklüziv olaraq, orada yer alacaq”, - deyə sənətçi sözlərinə əlavə edib.
Müğənni-bəstəkar Elza Seyidcahanın şeir adı ilə yazdığı mətnlərin hər dəfə səs-küyə səbəb olması, sosial şəbəkələrdə, internet portallarında müzakirə edilməsi, görünür, onu və ona qadağa qoyan şəxsi bu işə həvəsləndirib. Çünki internet istifaəçiləri həmin mətnləri bəyənməsələr belə maraq göstərərək dinləyəcək, oxuyacaq və dostları ilə paylaşacaqlar.
Qeyd edək ki, müğənninin heç bir bəddi dəyər daşımayan yazılarını şeir kimi cəmiyyətə təqdim etməsi bir çox ədəbiyyatşünaslar, şairlər, yazıçılar, filoloqlar tərəfindən tənqidlə qarşılansa da, o, bu həvəsindən əl çəkmək bilmir. /anspress/