İlahiyyatçı Elşad Miri evində baş verən oğurluq hadisəi ilə bağlı açıqlama verib. O, deyib ki, oğurluq nəticəsində nağd pul, aparatlar, qızıl-zinət əşyaları ilə birlikdə ona 50 min manatdan çox maddi ziyan dəyib:
“Yeni ofisə köçdüyümüzdən evə gec saatlarda gedirdim. Axşam saat 18:00-20:00 arasında həyat yoldaşım uşaqlarla birlikdə qonşuya keçib. Hətta böyük qızım getmək istəməsə də, onu təkidlə aparıb. Hadisə həmin ərəfədə baş verib. Qayıdanda görüblər ki, qapının iki bağlanma ikisi də qırıqdır. Yoldaşım evdə adam ola biləcəyindən ehtiyat edərək yuxarı mərtəbədəki qonşunu çağırıb, 102 xidmətinə zəng vurub. Bu zaman qızım içəri daxil olub və anasını çağıraraq deyib ki, ana, narahat olma heç kim yoxdur”.
İlahiyyatçı qeyd edib ki, oğurluq əsasən iki otaqda baş verib: “ Evə daxil olarkən görüblər ki, əsasən mənim otağıma və yataq otağına əl gəzdirilib. Otağımın qapısının arxasında iş üçün aldığım 3 ədəd “Sony 4 k” kameraları və mikrofonlar vardı, onları Azərbaycanda satmırlar. Orada hansısa əşyanın olması kiminsə ağlına gəlməzdi. Yataq otağından isə yoldaşıma aid qızıl-zinət əşyalarını, bacısı və nənəsinə aid, həmçinin mənim iş üçün ayırdığım pulları oğurlayıblar. Başqa heç bir yerə-zala, uşaq otağına daxil olmadan evi tərk ediblər. Yəni həmin yerlərdə heç nə yerindən tərpənməyib”.
Günün bu vədəsində belə bir hadisənin baş verməsi zərərçəkən üçün də müəmmalı qalır: “Tanışlardan bir nəfər dedi ki, qapının açılması üçün kilidin qırılması prosesi xüsusi aparat vasitəsilə həyata keçirilib. Kilidlərdən birinin içini dağıdıblar, digərini isə çölə çıxararaq kəsib içəri daxil olublar. Evim Biləcəri qəsəbəsində yerləşir, ikinci mərtəbədə yaşayırıq. Təsəvvür edin ki, bizim bina ilə üzbəüzdə 4 bina yerləşir. Tam ortada isə polis şöbəsi var. Birinci mərtəbədə müstəntiq, binaların ortasında polis, küçələr işıqlı olan vaxtda belə bir hadisənin baş verməsi qəribədir.
Əminəm ki, bu oğurluğu edən məni tanıyır, neçə müddət məni izləyib, bilib ki, ofisə aldıqlarımı evə gətirmişəm. Hələ 10 gün əvvəl məni sosial şəbəkə vasitəsilə təhdit etmişdilər. Polislərə də qeyd etdim ki, bu baxımdan məsələyə bir neçə aspektdən baxılması daha məqsədəuyğundur. Bəlkə də bəsit bir oğurluq hadisəsidir, bəlkə də xəbərdarlıqdır, bu araşdırmalardan sonra bəlli olacaq. Çünki bu bir an içərisində baş verən oğurluq deyil”.//Modern.az