Elmar Məmmədyarov BMT-də çıxış edib
27.09.2015 539 0.0 0

“Azərbaycan ərazilərinin işğalına son qoyulması və məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasının təmin edilməsi regionumuzda davamlı inkişaf gündəliyinin icrası üçün başlıca ilkin şərtdir”

 Sentyabrın 26-da BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Nyu-Yorkda BMT-nin 2015-ci ildən sonrakı dövr üçün inkişaf gündəliyinin qəbul edilməsi üzrə zirvə toplantısı keçirilib.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, toplantı Minilliyin İnkişaf məqsədlərinin yekunlarının qiymətləndirilməsi və davamlı inkişafın yeni məqsədlərinin müəyyən edilməsinə həsr olunub.
 
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov toplantıda çıxış edib.
 
E. Məmmədyarov qeyd edib ki, bu, tarixi məqamlardan biridir: “Biz müfəssəl, uzunmüddətli və insanlara köklənmiş universal və yeniləşdirilmiş məqsədlər külliyyatının qəbulu üzrə qərar qəbul etmək üçün toplaşmışıq. 2015-ci ildən sonrakı dövr üçün inkişaf gündəliyi üzrə danışıqların uğurlu nəticəsini yüksək qiymətləndirirəm.
 
Sürətli inkişaf edən iqtisadiyyata malik ölkələrdən biri kimi, Azərbaycan inkişaf sahəsində təsirli nəticələrə nail olub. Qlobal iqtisadi və maliyyə böhranlarına baxmayaraq, 2015-ci ilin birinci yarısında Azərbaycanda 5.7 faizlik iqtisadi artım qeydə alınıb, qeyri-neft sektorunda artım 9.2 faiz olub. Azərbaycan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanın enerji kəmərləri şəbəkəsini birləşdirəcək Trans-Anadolu və Trans-Adriatik təbii qaz kəmərləri və Cənub Qaz Dəhlizinin tikintisi yolu ilə Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi enerji infrastrukturu layihələri ilə Azərbaycan qlobal bazarın ən mühüm oyunçularından biri olmağı bacarıb. Həmçinin Azərbaycan, Gürcüstan və Türkiyənin dəmiryolları sistemlərini əlaqələndirəcək Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsi və qədim İpək Yolunu canlandırmaqla Şərq və Qərb arasında qısa və səmərəli əlaqəyə imkan verəcək yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi strateji infrastruktur layihələrinin təşəbbüskarı olub.
 
Vətəndaşlara ədalətli və səmərəli xidmətlər göstərilməsi məqsədilə Azərbaycanda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təsis olunub. Bu agentlik dünən sammit tərəfindən qəbul edilmiş yeni davamlı inkişaf gündəliyinin məqsədlərinin əksəriyyətini artıq əhatə edir. Bu mütərəqqi modelin uğuru geniş tanınır və BMT-nin 2015 İctimai Xidmətlər Mükafatı ilə təltif olunub.
 
Beynəlxalq inkişafa töhfə vermək niyyətinə sadiqliyimizə cəmiyyətimiz geniş şəkildə şərik çıxır. Azərbaycanda aparıcı qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu bir sıra ölkələrdə çoxlu sayda sosial, humanitar və inkişaf layihələri həyata keçirib.
 
Biz mədəniyyətlərarası dialoqun, tolerantlığın və insanlar arasında anlaşmanın təşviqinə böyük əhəmiyyət veririk. Azərbaycan 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci qlobal forumuna ev sahibliyi etməyi planlaşdırır. Biz fəxr edirik ki, Birinci Avropa Oyunları bu il Azərbaycanda keçirilib və 2017-ci ildə Azərbaycan İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək.
 
Təəssüflər olsun ki, sülhə və təhlükəsizliyə qarşı çağırışlar inkişafa və əməkdaşlığa maneələrdən biri olub və olmaqda davam edir. Beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycan ərazilərinin 20 faizinin qonşu Ermənistan tərəfindən davam edən hərbi işğalı beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdid yaratmaqda davam edir. Fundamental insan hüquqlarının kobudcasına pozulması yolu ilə Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində və Ermənistanın öz ərazisində bir milyon azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Nəticədə onlar qaçqın və məcburi köçkün olublar. Azərbaycan ərazilərinin işğalına son qoyulması və məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasının təmin edilməsi regionumuzda davamlı inkişaf gündəliyinin icrası üçün başlıca ilkin şərtdir”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar