“Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək”.
Məlumata görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində bildirib.
“Ötən ilin iyun ayından etibarən beynəlxalq bazarlarda neftin qiyməti 3 dəfədən çox düşüb. Bu, Azərbaycanın gəlirlərini əhəmiyyətli dərəcədə aşağı salıb, ölkənin tədiyyə balansına əhəmiyyətli təsir edib. Valyuta bazarına və məzənnəyə təsir edən amil yalnız neftin sürətlə ucuzlaşması deyil. Hazırda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar da bu məsələdə az rol oynamır. Son aylarda volatilliyin daha da artması nəticəsində bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-I ötüb ki, bu da manatın məzənnəsinə təsir etməyə bilməz. Məsələn, İran rialı son 3 ildə 120% devalvasiyaya uğradı, Qazaxıstan təngəsi 108%, Rusiya rublu 2 dəfədən çox qiymətdən düşüb. Manat isə bir dəfə devalvasiyaya uğrayıb. Bizim bu ölkələrlə ciddi ticarət əlaqələrimiz var. Ölkənin valyuta bazarına və manataın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq, cari ilin fevral ayında manatın devalvasiyası baş verdi. İqtisadiyyat, valyuta bazarı, manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya oldu. Lakin yeni yaranmış vəziyyət manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edir. Buna görə, bu gündən etibarən üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul olunub. Söhbət idarə olunan üzən məzənnədən gedir. Mərkəzi Bank manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verməyəcək. Bugünkü məzənnədən əhəmiyyətli dərəcədə kənarlaşma iqtisadiyyatımız üçün ciddi çaşqınlıq yarada bilər. Bu gün biz ilk auksionumuzu təşkil etdik. Biz həmçinin məzənnənin əməliyyat çərçivəsini dəyişdik. Bundan öncə biz bazarın vaıyuta olan tələbini tam ödəyirdik. Lakin bundan sonar biz artıq bazara auksionlar vasitəsilə valyuta təklif edəcəyik, tələb-təklif proporsiyasına nəzər salacağıq”, - deyə E. Rüstəmov qeyd edib.
Baş bankir əlavə edib ki, üzən məzənnə rejimi uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsi nəzərə alınaraq tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına mühüm əhəmiyyət kəsb edən sistemdir.
O ki qaldı yeni məzənnə sisteminin banklarda əhalinin əmanətlərinin, o cümlədən depozitlərin təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətinə, E. Rüstəmov qeyd edib ki, bankların maliyyə dayanıqlığının, capital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görülür: "Bu məzənnə səviyyəsində bank sektoru kifayət qədər dayanıqlıq nümayiş etdirdi. Əmanətçilər üçün bu gün heç bir təhlükə yoxdur, mən bunu tam məsuliyyətlə deyirəm. Lakin bütün bunlara baxmayaraq, bank sektorunun sabitliyinin artırılması istiqamətində əlavə tədbirlər planlaşdırılır". /AzNews.az/