Milli Məclisin növbədənkənar plenar iclasında “Elm haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Məlumata görə, layihə barədə məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib ki, 7 fəsil, 40 maddədən ibarət olan layihə Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verir: “Elmdə azərbaycançılıq ideologiyasının təbliği sahəsində müddəanın çıxarılması barədə təklifi məqbul saydıq. Amma azərbaycançılığın elmin prioritet istiqaməti kimi saxlanılmasında israrlıyıq. Azərbaycançılıq alimin vətəndaş kimi fəaliyyətində prioritet istiqamətdir. Heç bir sahə prinsipsiz yaşaya bilməz. Azərbaycançılıq etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün insanları, xalqları özündə birləşdirir”.
Layihəyə elmdə sahibkarlıq, elmi innovasiya haqqında maddələr salınıb və ilk dəfə AMEA-nın üzvlüyü elmi rütbə hesab edilib. Qanun layihəsində Azərbaycanda elmi innovasiya fəaliyyətini həyata keçirən bütün müəssisə və təşkilatların fəaliyyətinin stimullaşdırılması da təklif edilir. Layihəyə əsasən, elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri rəqabətqabiliyyətli, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılmasında iştirak etməklə, dövlət sifarişi ilə yaradılmış milli innovasiya məhsullarının zəmanətli satış bazarlarının təmin edilməsi və xarici bazarlara çıxışının həvəsləndirilməsi və himayə edilməsidir.
Komitə sədri bildirib ki, təhsil kreditlərinin verilməsi və təhsil alanın borcunu əmək fəaliyyətinə başlayarkən ödəməsi də qanun layihəsində əksini tapıb. Bu, doktorantura üçün nəzərdə tutulub, gələcəkdə magistratura üçün də tətbiq edilə bilər.
Qanun layihəsinə əsasən Azərbaycanda doktorantura pilləsində təhsil alanlara təhsil haqqı və digər təhsil xərcləri ilə bağlı güzəştli və uzunmüddətli kredit verilməsi dövlət tərəfindən təmin ediləcək, habelə gələcəkdə işlə təmin olunacaq doktorantların borclarının ödənilməsi üçün yeni mexanizm də yaradılacaq. Qanunun 34-cü maddəsinin 11-ci bəndinə əsasən, “Dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlər verilməsini təmin edir və təhsil alanın əmək fəaliyyətinə başladıqdan sonra kredit borclarını ödəmə mexanizmini müəyyənləşdirir, həyata keçirilməsinə şərait yaradır”.
İ. Həbibbəyli bildirib ki, bu qanun kiminsə əməkhaqqının artırılmasına xidmət etmir: “Bu qanunda dövlət büdcəsindən maliyyələşmə ilə bərabər, proqram maliyyələşməsi, qrantlar, sahibkarlıq maliyyələşməsi və digər bir sıra maliyyələşdirmə mexanizmləri əksini tapıb. Elm müəssisəsinin özünü maliyyələşdirməsi olmayan bir məsələ haqqında danışmaqdır. Ancaq sadaladığım mexanizmlər elm müəssisələrinin özlərini maliyyələşdirmələrində mühüm rol oynayacaq”.
Qanun layihəsi səsverməyə çıxarılıb və qəbul edilib./apa/