Azərbaycanda elektron ticarətə vergi nəzarətinin təkmilləşdirilmiş mexanizminin yaradılması üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Qazeta.info xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinovun nazirliyin rəsmi orqanı olan "Vergilər" qəzetində dərc olunan müsahibəsində deyilir.
Onun sözlərinə görə, hazırda sahibkarlıq fəaliyyətinin bütün sahələrinə, o cümlədən elektron ticarətə vergi nəzarəti Vergi Məcəlləsi ilə müəyyən olunmuş ümumi qaydada aparılır. Lakin elektron ticarətin yuxarıda göstərilən xüsusiyyətləri nəzərə alınaraq bu sahədə vergi nəzarətinin təkmilləşdirilməsi vacib məsələlərdən biridir.
Yaxın gələcəkdə elektron ticarətə vergi nəzarətinin həyata keçirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilərək təkmil vergi nəzarəti mexanizminin yaradılması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur.
N.Şirinov qeyd edib ki, internet vasitəsilə elektron ticarətin həyata keçirilməsi dünyada gedən qloballaşma prosesinin tərkib hissələrindən biridir: "Son dövrlərdə inkişaf etmiş ölkələr də artıq yeni inkişaf mərhələsinə - vahid informasiya cəmiyyətinin yaradılması mərhələsinə daxil olmaqdadır".
Onun sözlərinə görə, sahibkarlıq fəaliyyəti sahəsində bu istiqamətdə baş verən yeni dəyişikliklər biznesin elektron qaydada aparılmasında və ya elektron ticarətin tətbiqində öz əksini tapıb: "Dünya miqyasında elektron ticarət deyilən bir yeniliyin meydana çıxması yeni yaranmış münasibətlərin tənzimlənməsinə, o cümlədən texniki, iqtisadi, maliyyə, vergi və hüquq normalarının uzlaşdırılmasına zərurət yaradıb. Son illərdə ABŞ, Kanada, Avstraliya və bəzi Avropa ölkələrində elektron qaydada həyata keçirilən biznesi tənzimləyən qanunvericilik aktları qəbul edilir".
İdarə rəisi əlavə edib ki, artıq Azərbaycanda da biznesin elektron qaydada aparılması zamanı meydana çıxan hüquqi və iqtisadi münasibətləri tənzimləyən bir sıra qanunvericilik aktları qəbul olunub.//Trend