“Akula Akif”in evində axtarış aparıldığı, küllü miqdarda pul, daş-qaş və zinət əşyasının müsadirə edildiyi deyilir
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasından sonra onun yaxın çevrəsində də ələmə aparılır. Sabiq nazirlə yaxınlığı olan, onun əmrində çalışmış az qala hər kəs indi istintaq altındadır. İndiyədək MTN-nin 10-a yaxın yüksək rütbəli zabiti – idarə rəisləri, onların müavinləri həbs edilib, bəziləri işdən çıxarılıb.
Noyabrın 1-də daha bir MTN məmuru haqda həbs xəbəri yayılıb. Nazirliyin İstintaq İdarəsinin rəis müavini Vüsal Ələkbər haqda məhkəmənin hökmü ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Bu gün isə xəbər aldıq ki, E.Mahmudova yaxın şəxslərdən biri Avropaya qaçıb. Sabiq nazirin çevrəsində olan, iş adamı kimi tanınan “Akula” ləqəbli Akif Mustafayevin Azərbaycanı tərk etdiyi deyilir. Bildirilir ki, o, oktyabrın 18-də - Eldar Mahmudov nazir vəzifəsindən çıxarıldıqdan 1 gün sonra təyyarə ilə Bakıdan Parisə uçub. A.Mustafayevin oradan da İspaniyaya getdiyi deyilir.
Akif Mustafayev
Akif Mustafayevi tanıyanların sözlərinə görə, o, ayrı-ayrı iş adamları haqda MTN rəhbərliyinə lazımi bilgilər verib, onları ilişdirirmiş. Sonradan həmin iş adamlarına öz “köməyini” təklif edirmiş. MTN zabitləri ilə iş adamlarının arasında vasitəçilik görüntüsü yaradıb, külli miqdarda pul alırmış. O da bildirilir ki, “Akula Akif” bu “xidmətlərindən” sonra MTN-nin “əlindən qurtardığı” iş adamlarının biznesinə 20-30 faiz ortaq olurmuş. Onlara “krışalıq” edirmiş.
Noyabrın 1-də hüquq-mühafizə orqanları əməkdaşları Akif Mustafayevin Bakıdakı evində axtarış aparıb. Hadisənin şahidi olan qonşuların saytımıza verdiyi məlumata görə, onun evindən xeyli daş-qaş, qızıl zinət əşyaları və külli miqdarda pul götürülərək müsadirə edilib.
Xəbəri hüquq-mühafizə orqanları ilə dəqiqləşdirməyə çalışacağıq. /musavat.com/