Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) katibi Tahirə Mahmudova səhhəti ilə əlaqədar işə çıxmır. Qazeta.info bildirir ki, bu barədə “Report”a AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bildirib.
“O, hazırda məzuniyyətdədir”, - AHİK sözçüsü əlavə edib.
Qeyd edək ki, Tahirə Mahmudova sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həyat yoldaşıdır.
T.Mahmudova 1960-cı ildə anadan olub. 1982-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Ali təhsilini başa vurduqdan sonra “Dənizneftqazlayihə” Elmi Tədqiqat və Layihə İnstitutunda baş mühəndis, 1987-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda baş mühəndis, 1994-2000-ci illərdə “Spektr” kiçik müəssisəsində aparıcı konstruktor, 2001-2003-cü illərdə “Səda” firmasında beynəlxalq iqtisadiyyat məsələləri üzrə məsləhətçi, 2003-2007-ci illərdə isə AGBank-da məsləhətçi vəzifələrində çalışıb.
2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında katib vəzifəsində çalışır. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.