Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun iqamətgahında və mənzillərində axtarış aparılıb.
Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.
Məlumata görə, E.Mahmudovun Badamdar qəsəbəsindəki şəxsi iqamətgahından 30 karton qutu dolusu dollar və digər xarici valyuta, həmçinin şüşə bankalar dolusu kilolarla brilyant çıxıb.
Götürülən pullar və daş-qaş Ədliyyə Nazirliyi yanında Elmi-Tədqiqat Məhkəmə Ekspertizası İnstututuna ekspertizaya göndərilib.
Prezident İlham Əliyev oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Milli Təhlükəsizlik Nazirliyində həbslər başladı. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb.
Evdən külli miqdarda pul və daş-qaş aşkarlanıb
Sabiq MTN şefi hətta xarici kəşfiyyatla əlaqədə də ittiham edilir. Keçmiş təhlükəsizlik nazirinin İsrail kəşfiyyatı ilə şəxsi və təşkilatı vasitəsilə münasibətlər yaratdığı və bu münasibətlərin çox dərin olduğu bildirilir.
“Bu da heç şübhəsiz ki, Rusiyanı narahat etməyə bilməzdi”, deyən İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov iddia edir ki, məhz Moskvadan prezidentə Mahmudovun hansısa gizli məlumatlarını təqdim ediblər və bundan sonra onu təcili və gözlənilməz şəkildə vəzifəsindən azad ediblər./anspress/