Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev 12 iyun 2017-ci il tarixdə Dövlət Sərhəd Xidməti Aparatında Türkiyə Respublikası Quru Qoşunlarının Komandanı ordu generalı Salih Zeki Çolakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Qazeta.info DSX-nın mətbuat xidmətinə istinadla bildirir ki, görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Türkiyə Respublikasının Quru Qoşunları arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilmiş və əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
Söhbət əsnasında transsərhəd cinayətkarlığı ilə mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilmişdir.
Tərəflər arasında sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, sərhəd təlimlərinin və birgə tədbirlərin keçirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanmışdır.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.