May ayının 1-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsi general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Jandarma Qüvvələrinin Qərargah rəisi korpus generalı İbahim Yaşarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qazeta.info Dövlət Sərhəd Xidmətinə istinadla bildirir ki, Geçirilən görüş zamanı ikitərəfli əməkdaşlığın vəziyyəti, qaçaqmalçılığa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılmış, sərhəd əməkdaşlığı məsələləri nəzərdən keçirilmişdir. Türkiyə nümayəndə heyətinə Azərbaycanın dövlət sərhədlərindəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətində aparılan islahatlar, dövlət sərhəd xitti boyu inşa edilən müasir sərhəd mühafizə infrastrukturu, Ermənistanın Azərbaycana təcavüzunun nəticələri barədə məlumat verilmişdir.
Müzakirələr zamanı sərhəd mühafizəsi sahəsində ikitərəfli münasibətlərin inkişaf səviyyəsi nümayəndə heyətlərinin rəhbərləri tərəfindən yüksək qiymətləndirilmişdir. Tərəflər arasında sərhəd mühafizəsi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, o cümlədən Azərbaycan və Türkiyənin dövlət sərhədlərində vəziyyət haqqında məlumat mübadiləsinin həyata keçirilməsi, təlim-tədris sahəsində, qarşılıqlı maraq doğuran digər məsələlər üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olunmuşdur.
Qonaqlar Dövlət Sərhəd Xidmətinin Akademiyasında və “Sərhədçi” İdman Olimpiya Mərkəzində olub, yaradılmış şərait və təlim-tədris prosesi ilə yaxından tanış olmuşlar.