Misirdə 3 iyul 2013-cü ildə prezident Məhəmməd Mursinin devrilməsindən sonra buna etiraz əlaməti olaraq keçirilən aksiyalarda iştirak edənlərin edamına başlanıb.
“Hürriyet” qəzetinin verdiyi məlumata görə, bu gün etiraz aksiyalarında iştirak etmiş və barəsində məhkəmə tərəfindən edam hökmü çıxarılmış Mahmud Ramazan adlı şəxs edam olunub.
Qeyd edək ki, Misir məhkəmələri indiyə qədər aksiyalarda iştirak edən yüzlərlə şəxs barədə edam hökmü verib. Misir Daxili İşlər Nazirliyinin mətbuat katibi Hani Abdel Latif bu gün yerli saatla saat 7:00-da asılan Mahmud Ramazanın etiraz aksiyaları ilə bağlı edam edilən ilk şəxs olduğunu açıqlayıb. Mahmud Ramazan və Məhəmməd Mursini dəstəkləyən başqa bir şəxs Misirin ikinci böyük şəhəri İsgəndəriyyədə etiraz aksiyaları və küçə toqquşmaları zamanı çevrilişi dəstəkləyən iki gənci binadan yerə atmaqda, bu gənclərdən birinin ölümünə səbəb olmaqda ittiham edilərək 2014-cü ildə edam cəzasına məhkum olunublar./apa/