DYP xəbərdarlıq etdi- Bu avtomobillər «metalaloma» veriləcək
03.11.2016 2290 0.0 0

“Dövlət Yol Polisinin cərimə meydançalarında sahibi tərəfindən illərdir atılmış və ya qəzalı vəziyyətdə olan yararlı və yararsız xeyli avtomobil var. Bununla bağlı DYP tərəfindən onların sahiblərinə dəfələrlə müraciət olunmasına və rəsmi bildirişlərin göndərilməsinə baxmayaraq, həmin avtomobillər sahibləri tərəfindən hələ də dayanacaqlardan götürülmür”.

Qazeta.info “Report”un xəbərinə əsasən bildirir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, həmin avtomobillərə görə dayanacaqlarda sıxlıq yaranır: "Bu da nəqliyyat vasitələrinin dayanacaqlarda yerləşdirilməsində problemlər yaradır. Həmin avtomobillərin istismarda olmaması və istismara yararsız olması ilə bağlı əhaliyə edilən müraciətlər cavabsız qalıb. Dəfələrlə xəbərdarlıq etmişik ki, kimin avtomobili yararlıdırsa gəlib götürə bilər. Yararsız avtomlbil sahiblərinə isə ərizə forması verilir. Əgər avtomobil onlara lazım deyilsə, həmin ərizə formasını doldurur və qeyd edir ki, avtomobildən imtina edirlər. Bundan sonra onlar əlavə xərc çəkmədən, maşını harasa aparmadan dövlət tərəfindən həmin avtomobillər çıxdaş edilib “metalalom”a təhvil veriləcək. Amma sahiblərində avtomobilin dövlət qeydiyyat nişanları, texniki pasportu varsa, onları təhvil verməli və ərizədə göstərməlidirlər ki, avtomobil onların adından çıxsın və çıxdaş edilərək “metalalom”a təhvil verilsin. Orada elə avtomobillər var ki, uzun illərdir hansısa qəzadan sonra qalıb, təhvil-təslim aktı belə yoxdur. Artıq o maşınların ehtiyyat hissələri də ələ gələn deyil, yararsız vəziyyətdədir. Ona görə, kimsə gəlib avtomobili götürməsə və saf-çürük edilməsi üçün müraciət etməsə, artıq həmin avtomobillərin sahibləri ilə bağlı məhkəmə orqanlarına müraciət ediləcək ki, müvafiq tədbir görülsün və qərar qəbul edilsin”.

K.Əliyev bildirib ki, bəzi avtomobil sahibləri həmin nəqliyyat vasitələrini aparıb öz həyətində saxlamağı təmin edə bilər: "Tarif Şurasının qərarına əsasən, cərimə meydançasında minik avtomobillərinin birgünlük saxlanma xərci 1 manatdır. Lakin Dövlət Yol Polisi həmin avtomobilləri öz sahiblərinə verilməsini pulsuz təmin edəcək. Qəzalı və yararsız avtomobillərin cərimə meydançalarında qalmasına görə heç bir ödəniş tələb olunmur. Ona görə də, kimə lazımdırsa gəlib götürsün. Lazım deyilsə, ərizə yazsın ki, imtina edirəm və nömrələri, qeydiyyat şəhadətnaməsini təhvil versin”.

O əlavə edib ki, DYP-nin dayanacaqlarında qalan maşınlar arasında 15 ili tamam olanı da var.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar