Avropa Oyunları ilə əlaqədar Bakı nömrəsi olmayan avtomobillərin paytaxta buraxılmamasını vətəndaşların konstitusion hüquqlarının pozulması kimi qələmə vermək qətiyyən doğru deyil. Bunu Trend-in sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Bir sıra media orqanlarında və sosial şəbəkələrdə iyunun 1-dən etibarən DYP-nin Bakı nömrəsi olmayan avtomobillərin paytaxta buraxılmamasına dair tətbiq etdiyi məhdudiyyətin Konstitusiyaya zidd olması və bu addımın qanuni əsasının olmamasına dair yayılan fikirlərə münasibət bildirən şöbə rəisinin sözlərinə görə, məsələyə belə yanaşma kökündən yanlışdır: “Yol hərəkəti haqqında” Qanunun “Yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi”nə dair 12-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda kütləvi tədbirlər həyata keçirildikdə nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər. Qanunun digər bəndlərində isə göstərilir ki, yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar, yolun mənsubiyyətindən asılı olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. Bununla bağlı qərarda yol hərəkətinin məhdudlaşdırılmasının və ya qadağan edilməsinin yeri, səbəbi, vaxtı və şərtləri, qəbul olunan qərar barədə yol hərəkəti iştirakçılarına məlumat verilməsi qaydası, yol hərəkətinin təhlükəsizliyi tədbirləri və işlərin yerinə yetirilməsi müddətləri, zəruri işlərin icrasına cavabdeh olan şəxslər tərəfindən göstərilir. Həmçinin, yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar təxirəsalınmadan dövlət orqanlarının və əhalinin nəzərinə çatdırılmalıdır”.
K.Əliyev bildirib ki, kütləvi tədbirlər həyata keçirildiyi zaman nəqliyyatın hərəkətinin qanunla məhdudlaşdırılması insanların hüquqlarının pozulması demək deyil: “Bilirsiniz ki, bəzi küçə və prospektlərdəki hərəkət zolağının biri Avropa Oyunlarının xidməti üçün cəlb olunmuş nəqliyyat vasitələri üçün ayrılıb. Ona görə də yollarda istər-istəməz nəqliyyat sıxlığı yaşanır. Bu sıxlığın aradan qaldırılması məqsədilə biz vətəndaşlara müraciət etmişik. Bu sıxlığın aradan qaldırılmasının yollarından biri də qeydiyyat yerindən asılı olmayaraq fərdi nəqliyyat vasitələrindən az istifadə olunmasıdır. Təkcə Bakının şimal istiqamətindən gün ərzində 60-65 min nəqliyyat vasitəsinin paytaxta daxil olmasını nəzərə alaraq, biz Bakı qeydiyyatında olmayan sürücülərə müraciət etmişik ki, mümkün qədər fərdi avtomobillərdən az istifadə etsinlər. Əvəzində həmin istiqamətlərdə sərnişin avtobuslarının sayı artırılıb. Vətəndaşların vaxtına qənaət etməklə, yollarda ləngimədən sərnişin daşımalarının həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür. Hətta avtomobilləri ilə gələn şəxslər üçün müəyyən edilmiş ərazilərdə pulsuz dayanacaq da yaradılıb. Belə olan halda hansı hüquq pozmalarından söhbət gedə bilər? Biz axı deməmişik ki, kimisə paytaxta buraxmırıq. Burada söhbət Bakıya insanların yox, sıxlığın aradan qaldırılması məqsədi ilə Bakı qeydiyyatında olmayan avtomobillərin buraxılmasına müvəqqəti məhdudiyyət qoyulmasından gedir”.
Qedy edək ki, I Avropa Oyunları ilə əlaqədar iyunun 1-dən etibarən Bakı qeydiyyatında olmayan nəqliyyat vasitələrinin paytaxta daxil olmaması üçün paytaxtın giriş ərazilərində pulsuz dayanacaqlar yaradılıb. Bakı-Sumqayıt yolundan istifadə edənlərə "Riyad" ticarət mərkəzinin həyətində, şimal istiqamətdən paytaxta gələnlərə "Müşfiqabad postu"nun yaxınlığında, qərb və cənub istiqamətlərdən gələn sürücülər üçün isə Ələt yolunun 14-cü km-də xüsusi sahə ayrılıb.
Avtomobillər dayanacaqlarda park olunduqdan sonra vətəndaşlar “ekspress” və ya marşrut avtobusları vasitəsilə paytaxta daxil ola bilərlər.