Düşmən ordunun böyük sirri (ARAŞDIRMA)
01.05.2015 746 0.0 0

2014-cü ilin iyul-avqust ayları. Cəbhədə şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələri çox böyük itkilər verir. Azərbaycanın verdiyi 11 əsgər ölümü fonunda erməni mətbuatı Ermənistan ordusunun 60-dan çox əsgərinin itirdiyini yazır. Ancaq Ermənistan Müdafiə Nazirliyi isə cəmi ölən 4 hərbçinin adını açıqlayır. Təkcə bu il Ermənistan ordusu 50-dən çox itki verib. Amma rəsmi olaraq bundan ən azı 3 dəfə aşağı rəqəm açıqlanıb.

İrəvanda əsgər analarının etirazları fonunda Sarkiyan hakimiyyətinin çoxsaylı itkiləri gizlətməsi maraq doğurmaya bilməz. 

Bu istiqamətdə aparılan araşdırmalar maraqlı faktlar ortaya çıxıb.

İlk olaraq onu qeyd edək ki, Londondakı Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu Ermənistanın 49 min 100 nəfərlik orduya malik olduğunu yazıb. Həmçinin Ermənistanın 210 minə yaxın ehtiyyat qüvvəsi var. Lakin işğal olunmuş Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin sayının nə qədər olduğu barədə belə məlumat yoxdur. 

Ermənistan prezidenti Serj Sarkisyan ötən il verdiyi açıqlamada bildirmişdi ki, Azərbaycanın işğal edilmiş ərazilərində keçirdikləri hərbi təlimlərə 70 min əsgər cəlb edilib. O, 40 min əsgərin Ermənistan ordusuna, 30 min əsgərin isə “Dağlıq Qarabağ ordusu”na aid olacağını iddia eləmişdi. 

Erməni mətbuatı isə bu rəqəmlərin şişirdildiyini bildirmişdi və "Dağlıq Qarabağ ordusunun" sayının 18-20 min arasında dəyişdiyini yazmışdı. 

Bu yaxınlarda müdafiə naziri Zakir Həsənov verdiyi açıqlamada bəyan etmişdi ki, Ermənistan hərbi əməliyyatlara müxtəlif ölkələrdən, eyni zamanda, Yaxın Şərq regionundan - Livandan, Suriyadan olan muzdluları cəlb edir. 

Yeri gəlmişkən erməni mediasında yazılan hərbi xarakterli məqalələrdən isə aydın olur ki, işğalçı erməni silahlı qüvvələrində xeyli sayda hərbçi var ki, uşaq evlərindən birbaşa orduya cəlb edilib. Qoşunların təmas xəttinə yerləşdirilən kimsəsiz hərbçilərin sayı isə ictimaiyyətdən gizli saxlanılır. 

Erməni mediası isə uşaq evlərindən orduya cəlb olunan gənclərin sayının kifayət qədər olduğunu və onların ömürlük silahlı qüvvələrdə xidmət keçdiyini bildirib. 

Erməni mediasının bu iddiasında kifayət qədər əsaslar var.

Məsələn UNİCEF-in açıqladığı rəqəmlərə diqqət edək: Ermənistanda 2011-ci ildə dövlət hesablı 10 “uşaq evi”nə 4900 uşaq daxil olub. Və bu uşaqların 80 faizinin valideynlərindən biri yaşayır. Fikir versəniz burada sadəcə 10 “uşaq evi”ndən və valideynlərindən biri yaşayan uşaqlardan söhbət gedir. Əgər biz 4900 rəqəminin üzərinə hər iki valideynini itirmiş uşaqların sayını da gəlsək böyük bir rəqəm ortaya çıxar.

Ermənistan Statistika Xidmətinin 2011-ci ildə açıqladığı məlumatda isə deyilir ki, 2011-ci ildə rəsmi şəkildə cəmi 50 uşaq yetimxanalardan ailələrə verilib. Bu isə ağır-iqtisadi vəziyyətin hökm sürdüyü Ermənistanda valideyn himayəsindən mərhum xeyli uşaq olduğunu və yetkinlik yaşına çatdıqda isə onların gələcək taleyinin hərbiyə bağlandığını göstərir. 

“Uşaq evləri”ndən qeyri rəsmi şəkildə buraxılan və hərbi xidmətə cəlb olunan gənclərin böyük əksəriyyətinin Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinə yerləşdirildiyi şübhə doğurmur. Erməni medaisı yazır ki, uşaq evlərindən orduya cəlb edilən gənclərin cinsinə belə fikir verilmir. Belə ki, qadınlar erməni ordusunda müxtəlif işlərə cəlb edilir. 

Məlumata görə, erməni silahlı qüvvələrində müddətdən çox xidmət edən hərbi qulluqçular arasında uşaq evlərindən çıxmış gənclər böyük üstünlük təşkil edir. Belə də qoşunların təmas xəttində böyük itkilər verən Ermənistan ordusu ölən əsgərlərin sayını çox rahat şəkildə gizlədə bilir. Cinayətkar Ermənistan rejimi belə də silahlı qüvvələrin ehtiyyacları üçün də az vəsait xərcləyir.

Bundan başqa, Sarkisyan rejimi məhz Dağlıq Qarabağda yaşayan əhalini pul müqabilində cəbhə xəttində yerləşən postlara cəlb edir. Çünki Qarabağda yaşayan gənclər Ermənistanda deyil, Dağlıq Qarabağ separatçı rejimində qeydiyyatda olurlar. 

Bu isə onu deməyə əsas verir ki, erməni silahlı qüvvələrində olan muzdlular və uşaq evlərindən məcburən orduya cəlb edilən kimsəsizlər öldürüldükdə Sarkisyan rejimi onları rahatlıqla icyimaiyyətdən gizlədə bilir. Diqqət yetirsəniz, qarşı tərəf hər dəfə itkilərini açıqlayanda yalnız Ermənistanda qeydiyyatda olan əsgərlərin adını açıqlamağa məcbur olur.

Bu arada onu da bildirək ki, Ermənistan Müdafiə Nazirliyi son bir ildə Azərbaycanın cəbhə xəttində hərbi üstünlük əldə etdiyini etiraf etməyə məcbur olub. Lokal xarakterli döyüşlərdə erməni silahlı qüvvələrinin daha çox itki verdiyini dolayısı ilə təsdiq edirlər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar