Dünyanın Qüds savaşı: Tramp inqilaba hazırlaşır
23.01.2017 1137 0.0 0

İsrailin Fələstin torpaqlarında 560 yeni binanın tikintisi bağlı qərarı təsdiqləməsi Türkiyə tərəfindən sərt tənqid edilib.

Qazeta.info Publika.az -a istinadla xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi Qüds Bələdiyyəsi İnşaat və Planlaşdırma Komitəsinin qərarının yolverilməz olduğunu bildirib.

“İsrailin işğal altında saxladığı Fələstin torpaqlarında 560 yeni binanın inşasını təsdiqləməsini qınayırıq. BMT Təhlükəsizlik Şurasının İsrailin qeyri-qanuni məskunlaşma fəaliyyətini pisləyən 2334 saylı qətnaməsinə baxmayaraq, məskunlaşma siyasətini davam etdirməsi bu ölkənin beynəlxalq hüququ və beynəlxalq cəmiyyəti heçə sayan mövqeyinin daha bir göstəricisidir”, - deyə açıqlamada qeyd edilib.

BBC-nin türk xidmətinin xəbərinə görə, Ağ Evin sözçüsü Sean Spiker qeyd edib ki, bu mövzu müzakirələrin hələ ilk mərhələsindədir.

İsrail Qüdsü daimi paytaxt olaraq görür. Ancaq fələstinlilər gələcəkdə qurulacaq Fələstin dövlətinin paytaxtının Şərq Qüds olmasını istəyirlər. BMT Qüdsü İsrailin paytaxtı olaraq tanımır və bir çox ölkənin də səfirliyi Təl-Əviv şəhərində yerləşir.

ABŞ Konqresi 1995-ci ildə Qüdsü İsrailin paytaxtı olaraq tanıyan bir qərar qəbul edib. Ancaq həmin tarixdən bu yana ABŞ prezidentlərinin hamısı xarici siyasətdəki səlahiyyətlərindən istifadə edərək səfirliyi Təl-Əvivdə saxlayıb və şəhərin statusu ilə əlaqədar aparılan müzakirələrə dəstək verib.

ABŞ-ın yeni prezidenti Donald Trampın sələfi Barak Obama da iki prezidentlik müddətində Qüdsün İsrailin paytaxtı olaraq tanımasını nəzərdə tutan qərarı təsdiqləməyib.

Tramp isə ABŞ səfirliyinin Qüdsə köçürülməsini dəstəkləyir. Fələstin lideri Mahmud Abbas isə ABŞ prezidentinə xəbərdarlıq edərək bildirib ki, bu addım atılarsa, sülh prosesi zərər görəcək.

1990-cı illərdən bu yana İsrail ilə Fələstin arasında saysız-hesabsız sülh danışıqları keçirilib. Son danışıqlar 2014-cü il apreldə keçirilib və heç bir nəticə əldə edilmədən başa çatıb. Qüdsün statusu İsrail-Fələstin sülh prosesinin ən çətin mövzuları arasında yer alır. İsrail 1967-ci il ərəb-İsrail müharibəsi zamanı Qərbi Şeria və Şərqi Qüdsü işğal edib.

ABŞ-ın yeni prezidenti sələfi Barak Obamadan fərqli olaraq, İsrailin Fələstinlə bağlı bütün siyasətini dəstəkləyir. Ötən gün Trampla İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon söhbəti olub. Ağ Evdən verilən açıqlamaya görə, Tramp Netanyahunu fevral ayının əvvəlində Ağ Evə dəvət edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar