Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın 26-27 mart tarixlərində Çinə etdiyi gizli səfərlə bağlı detallar məlum olmağa davam edir.
Xarici mediaya istinadən xəbər verilir ki, dövlət başçısının səfər etdiyi xüsusi qatarın içində çəkilən fotolar ilk dəfə dərc olunub.
Xatırladaq ki, Şimali Koreya liderinin Çinə səfər etdiyi barədə iddia ilə ilk dəfə “Business İnsider” nəşri çıxış edib. Qəzet Kim Çen Inın Şimali Koreyanın yüksək vəzifəli hökumət nümayəndələrindən ibarət heyətlə Çinə səfər etdiyini yazmışdı. Lakin bir neçə gün həm KXDR, həm də Çinin rəsmi KİV-in susqunluq nümayiş etdirməsi müxtəlif iddiaların ortaya atılmasına gətirib çıxarıb.
“Business İnsider” nəşrində dərc olunan məqalədə yazılana görə, Kim Çen In KXDR-in keçmiş lideri Kim Çen İrin Pekinə səfər etdiyi həmin zirehli qatarla səfər etmişdi.
Martın 27-də Cənubi Koreya kəşfiyyatı KXDR liderinin Çinə xüsusi qatarla səfər etdiyini təsdiqləyib.
Nəhayət, martın 28-də Şimali Koreyanın “Şinhua” xəbər agentliyi dövlət başçısının 25-28 mart tarixində Çinə qeyri-rəsmi səfər gerçəkləşdirdiyini yazıb. Məlumata görə, səfərdə Kim Çen In və Çin lideri Si Cinpin Koreya yarımadasındakı son hadisələrdən, Şimali Koreyanın Cənubi Koreya və ABŞ ilə ayrı-ayrı həyata keçirəcəyi liderlər zirvəsindən danışıb.
Şimali Koreya lideri bildirib ki, ölkəsi Cənubi Koreya ilə olan münasibətləri sülh və əməkdaşlıq çərçivəsində inkişaf etdirməkdə qərarlıdır./Publika.az/