Minlərlə İnternet istifadəçisi "təslim olaraq" əllərini qaldıran suriyalı uşağın fotosunu paylaşıb. Onu paylaşanlar uşağın gözlərindəki qorxuya görə təsirlənib: o sanki avtomatın və ya tapançanın lüləsi ilə üzləşib. Amma biz bu foto haqqında nə bilirik? Təbii ki, o, lüləyə deyil, kameraya baxır. Amma bu təsiredici fotonu kim, necə çəkib?
Məlumata görə, BBC Trending həmin fotoqrafçını tapıb və bu sualı ona verib.
Hər şey ötən həftənin çərşənbə axşamı Qəzzada yaşayam fotojurnalist Nadia Abu Shaban fotonu Twitterdə paylaşandan sonra başladı. Şəkil mikrobloq şəbəkəsində tez yayıldı. Şabanın ilk tvitini 11 000-dən çox adam paylaşıb. Cümə günü foto Reddit saytında paylaşılandan sonra yenidən populyarlaşıb, 1600-dən çox şərhlə qarşılanıb.
Hər iki şəbəkədə fotonun saxta və ya təşkil edilmiş olması barədə ittihamlar ortaya çıxmağa başladı. Twitterdə çoxu fotonun müəllifinin kim olduğunu, fotonun nəyə görə istinadsız paylaşıldığını sual edib.
Abu Şaban fotonu özü çəkmədiyini bildirsə də, müəllifin kimliyi barədə xəbərsiz olduğunu deyib. Imgur fotopaylaşma saytında bir istifadəçi həmin fotonu qəzet məqaləsində tapıb və fotonun həqiqi olduğunu deyib. Eyni zamanda o, fotonun təxminən 2012-ci ildə çəkildiyini və uşağın oğlan olduğunu bildirib. Həmin mesajda deyilir ki, şəklin müəllifi türk fotojurnalist Osman Sağırlıdır.
Foto haqqında məlumatları yoxlamaq üçün BBC Trending Sağırlı ilə danışıb - o, hazırda Tanzaniyada işləyir. Fotodakı uşaq əslində oğlan deyil - Hudea adlı dörd yaşlı qızdır. Şəkil Suriyadakı Atmeh qaçqınlar düşərgəsində, ötən ilin dekabr ayında çəkilib. Hudea Türkiyə ilə sərhədin yaxınlığında yerləşən düşərgəyə anası və bacı-qardaşları ilə gəlmişdi. Onlar Hama şəhərindən 150 kilometrlik yol gediblərmiş.
Türk fotoqraf Osman Sağırlı fotoşəkil çəkilən anı belə xatırladı: "Mən telefoto obyektivindən istifadə edirdim, o isə elə bildi ki, silahdır. Fotonu çəkəndən sonra gördüm ki, uşaq bərk qorxub çünki o, dodaqlarını dişləyib əllərini qaldırmışdı. Adətən uşaqlar qaçıb gedirlər, ya da üzlərini gizlədirlər, yaxud da kameranı görən kimi gülümsəyirlər. Düşərgələrdə yaşayan uşaqların fotoları xüsusilə güclü və ifşaedici olur. Düşərgələrdə köçkün adamların olduğunu bilirsən. Əsl hissləri isə uşaqlar məsumluğu ilə göstərir".
Foto ilk olaraq Türkiyə qəzetində, yanvarda çap olunmuşdu. Osman Sağırlı 25 il bu qəzetdə çalışıb, müharibə və təbii fəlakətlərdən fotoreportajlar göndərib. Yanvarda türkdilli sosial media istifadəçiləri bu fotonu geniş paylaşsa da, ingilisdilli istifadəçilərin nəzərinə ancaq indi çarpıb./anspress/