Son 8 ildə dünyada məcburi köçkünlərin sayı artaraq 57 milyon nəfərə çatıb. Bu, İkinci Dünya müharibəsi bitdikdən sonra ən pis göstəricidir.
“Röyters”ə istinadən verilən məlumata görə, bu barədə Sidney İqtisadiyyat və sülh İnstitutunun hesabatında deyilir.
İnstitutun Qlobal sülhsevərlik indeksinə əsasən, 2015-ci ildə silahlı münaqişələrdə ölənlərin sayı 25 ilin maksimumuna çatıb. Belə ki, silahlı münaqişələrdə ölənlərin sayı son 7 ildə 5 dəfə artaraq 101 minə çatıb.
Terror aktları nəticəsində ölüm halları isə rekord həddə yaxınlaşıb.
Ötən ilin göstəricisi ilə müqayisədə müvafiq rəqəm 80 faiz artıb. Belə ki, terror qurbanlarının sayı 32 mini keçib, bu isə 2008-ci il göstəricindən 286 faiz çoxdur. Yalnız 69 ölkənin 2015-2016-cı illərdə terror aktlarından əziyyət çəkmədiyi də məlum olub. İl ərzində terror aktlarında ölənlərin sayının 500 nəfərdən çox olduğu ölkələrin sayı 5-dən 11-ə çatıb.
Reytinqə əsasən, dünyada ən sülhsevər ölkə İslandiyadır. Siyahıda onun ardınca Danimarka, Avstriya, Yeni Zelandiya və Portuqaliya yer alıb. Ən təhlükəli ölkələr kimi isə İraq, Cənubi Sudan və Suriya göstərilib.
Hesabat müəlliflərinin istinad etdiyi göstəricilər arasında zorakı ölüm hallarının sayı, ölkənin silahlanmasının səviyyəsi, silah idxalının həcmi, ölkə daxilində zorakı ölüm hallarının səviyyəsi ilə bağlı durum və s. yer alıb. Sülhsevərlik indeksinin göstəriciləri nəzərəçarpacaq dərəcədə Yaxın Şərq və Şimali Afrikada pisləşib. Ən sakit və sülhsevər regionu adını isə Avropa qazanıb.
Hesabat müəlliflər həmçinin 2015-ci ildə “zorakılıq xərcləri”ni açıqlayıblar. Bu rəqəm 13,6 trilyon dollar təşkil edib. Dünya ÜDM-in 13,3 faizinə bərabər olan müvafiq göstərici birbaşa xarici investisiyaların həcmindən 11 dəfə çoxdur./apa/